Aprelin 11-də Azərbaycanda prezident seçkiləri qanun çərçivəsində, demokratik normalara uyğun, şəffaf şəkildə keçirildi. Hər kəs Mərkəzi Seçki Komissiyasının seçkilərlə bağlı bütün sənədləri ilə tanış ola bilər. Azərbaycan vətəndaşları azad və şəffaf şəraitdə keçirilmiş seçkilərdə bir daha öz iradələrini ifadə etdilər.
Teleqraf.com xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova söyləyib.
Deputat qeyd edib ki, beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini bildirdilər. Lakin ATƏT DTİHB -nin hesabatının təəccüb və təəssüf doğurduğunu, subyektiv fikirlərə əsaslandığını deyən S.Qafarova onun hələ də ikili standartlardan çıxa bilmədiyini vurğulayıb.
Deputat bildirib ki, seçkilərin tam şəffaf keçirilməsi üçün bütün şərait yaradılmışdı. Seçkilər Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq keçirildi. Azərbaycan vətəndaşları azad, demokratik və şəffaf şəraitdə keçirilən prezident seçkilərində bir daha öz iradələrini ifadə etdilər.
S. Qafarova bildirib ki, bu gün müzakirə olunan korrupsiya ilə bağlı hesabat da subyektiv fikirlər əsasında tərtib edilib, belə hesabatlarda hər bir sözün arxasında hüquqi faktlar olmalıdır:
“Ancaq təəssüf ki, bu hesabatda heç bir hüquqi əsas yoxdur. Həqiqətən də bu hesabatın ölkəni hədəfə alması aydın görünür. Belə qərəzli hallara son qoymaq lazımdır”.