15 Avqust 2018 13:34
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ABŞ elektronik məhsullarına qadağa qoysa, bundan Türkiyə zərər görəcək.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

İqtisadçı iki ölkə arasındakı ticarət əlaqələrinə diqqət çəkib:

“ABŞ-ın ixtacatı ümumilikdə 1,1 trilyon dollardır, Türkiyəyə ixracı isə 11-12 milyard dollar təşkil edir. Yəni, Türkiyənin Amerikadan mal alıb-almaması vəziyyətə təsir etmir. Digər yandan, Türkiyə vergilər səviyyəsi ən yüksək olan ölkələrdən biridir, birbaşa və dolayı vergilər var, Türkiyə büdcəsi ABŞ-dan idxal olunan mallara görə ildə təqribən 3 milyard dollar qazanır, yəni qardaş ölkə üçün kiçik məbləğ deyil.

ABŞ məhsullarına qadağa qoyulsa, Türkiyə vətəndaşları vizasız gediş-gəlişiləri olan, hətta sürücülük vəsiqəsi ilə belə keçə bildikləri Gürcüstana gedib ordan iPhone alıb, xeyri gürcülərə verəcəklər, yəni ABŞ yenə öz telefonunu Türkiyəyə satacaq, arada Türkiyə büdcəsi itirəcək. ABŞ-ın satdığı bir çox məhsullar gözlə görünən, əllə toxunulan deyil - proqram təminatını nəzərdə tuturam və bu məhsullar əvəz edilə bilməz. Məsələn, Android-in özü belə Amerika məhsuludur”.

Bəs Türkiyə qonşu ölkələrlə ticarətdə dollardan imtina edə bilərmi?

Natiq Cəfərli qeyd edib ki, Rusiya Türkiyəyə ən çox təbii qaz satır, təxminən 13-14 milyard dollarlıq təbii qaz Türkiyəyə ixrac olunur: “Qaz müqavilələri spesefikdir, qiymət neftə bağlı formula ilə və dollarla hesablanır. Qazı dövlət şirkəti satır. Məsələn, milli valyutaya keçilsə, “Qazprom” 14 milyard dollarlıq lirəni nə edəcək? Lirə “Qazprom”un nəyinə lazımdır? Məcburən onu Türkiyə birjasında dollara, avroya, funta çevirməlidir ki, bu vəsaitdən istifadə etsin. Lirənin məzənnəsi çox oynaqdır deyə, qiymət yenə dollar-avro ilə müəyyənləşməlidir.

Türkiyə isə Rusiyaya əsasən aqrar, tekstil və inşaat malları satır. Türkiyə hökuməti fermeri necə məcbur edə bilər ki, malını rublla satsın?! Məcbur etsə belə, fermer rublu nə edəcək? Rublun da məzənnəsi oynaqdır, deməli qiyməti dollar-avro üzərindən təyin edəcək, rubl alsa da, həmin vəsaiti dollara-avroya çevirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu