Son zamanlar nəinki Ermənistanda, bütün Cənubi Qafqaz regionunda hərəkətlilik müşahidə olunur.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Politoloq bildirib ki, Almaniya kansleri Angela Merkelin bölgəyə səfəri gedən prosesləri bir qədər də gücləndirdi.
Nəzakət Məmmədova son günlərdə Ermənistan daxilində baş verən ictimai-siyasi proseslər və hərbi hərəkətlənməyə diqqət çəkib:
“Ermənistanın Baş naziri Nikol Paşinyan payızda parlament seçkiləri keçirmək istəyirdi. Onun bu planı Respublika Partiyasının siyasi meydandan uzaqlaşdırılmasına hesablanmışdı, lakin bununla bağlı cəhdi hələlik baş tutmadı. Başqa bir tərəfdən, Paşinyan ölkənin qanunverici strukturlarına da öz adamlarını yerləşdirmək istəyir.
Paşinyana cavab olaraq, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın Qarabağ separatçıları ilə işbirliyi Ermənistan daxilində gedən prosesləri bir qədər də mürəkkəbləşdirir. Buna görə də daxili təhdid qarşısında qalan Ermənistana xarici təzyiqlər və təhdidlər də güclənə bilər. Nikol Paşinyan öz əlini gücləndirmək üçün Qarabağ separatçılarının lideri Bako Saakyanla işbirliyinə can atır. Bu məqsədlə də Ermənistanın baş naziri növbəti dəfə Qarabağa gəldi və Bako Saakyanla görüşdü.
Bu ittifaq baş tutsa, Sərkisyan və Köçəryanın başçılıq etdiyi klan siyasi səhnədən birdəfəlik uzaqlaşdırıla bilər. Son günlərdə Ermənistan və işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hərəkətlilik bununla bağlı ola bilər”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
O, burada separatçıların başçısı Bako Saakyanla görüşüb.