Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri Avropa üçün ən pis xəbərin üzərinə kölgə saldı: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə (KTMT) üzv olmaq haqda düşünür. Lakin Azərbaycanın bu quruma üzvlüyü Ermənistanın narahatlığına səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bu iddia Rusiyada nəşr olunan “Moskovsky Komsomolets” qəzetində dərc edilmiş analitik materialda yer alıb.
Qəzet Azərbaycanın vaxtilə KTMT-də iştirak etdiyini xatırladır:
“Rəsmi Bakı 1993-cü ildə KMT ilə anlaşma imzaladı. Lakin 1999-cu ildə Azərbaycanla yanaşı, Gürcüstan da ittifaqdan geri çəkildi. Amma indi Azərbaycanın KTMT-yə qoşulacağı ilə bağlı yayılan məlumatlar maraq doğurur”.
Rusiyanın Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin siyasət mütəxəssisi Mixail Aleksandrov bunun bir sıra səbəblərini izah edir: “Bunun ilk səbəbi İran və ABŞ arasında yaranmış gərginlikdir. ABŞ İrana qarşı əməliyyatların keçirilməsi məqsədilə Azərbaycandan məkan istəyə və buna görə təzyiqlər edə bilər. İran da buna görə Azərbaycanı təhdid edə bilər. Bu vəziyyətdə isə Azərbaycan üçün ən təhlükəsiz məkan kimi KTMT qabağa çıxır”.
Politoloq hesab edir ki, bunun ikinci səbəbi Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyidir: “Hakimiyyətə gəlmiş Paşinyan KTMT-nin Baş katibi Yuri Xaçaturovu, sonra isə keçmiş prezident Robert Köçəryanı həbs etdi. O, atdığı bu addımlarla amerikalı təxribatçıya oxşadı. Köçəryanın həbs edilməsi isə Rusiyanın qorxularını bir az da şiddətləndirdi. Açığını desək, Ermənistan Rusiyanın gözündən düşüb”.
Aleksandrov hesab edir ki, KTMT-Azərbaycan yaxınlaşmasını sürətləndirən digər faktor Xəzər dənizinin hüquqi statusu ilə bağlıdır: “Xəzərin hüquqi statusuna dair konvensiya imzalandı. Bu isə onu göstərir ki, Rusiya bölgədə münaqişə istəmir”.
Politoloq qeyd edir ki, Ermənistanın narazılığı heç nəyi dəyişməyəcək: “Əgər bütün KTMT üzvləri Azərbaycanın üzvlüyünü dəstəkləsələr, Ermənistanın narazılığı və arqumentləri ciddiyə alınmayacaq. Əksinə, Azərbaycanın KTMT-yə üzvlüyü Ermənistanın xeyrinə olmalıdır. Bu vaxt razılaşdırılmış şərtlər daxilində, Azərbaycan Ermənistana qarşı tətbiq etdiyi blokadanı aradan qaldıra bilər ki, bundan iqtisadi qazanclar təmin edə bilər”.
Lakin qəzet onu da vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Azərbaycan KTMT-yə üzv olmaq haqda düşünməyəcək: “Problem həll edilmədən Azərbaycanın ittifaqa qoşulması, Ermənistan-Azərbaycan münaqişəsinin miqyasını genişləndirəcək. Ermənistan Qarabağın müstəqil subyekt kimi tanınmasını istəyir, Azərbaycan isə məsələnin onun suverenliyi daxilində həllinin tərəfdarıdır. Bu isə Azərbaycanın KTMT-yə üzvlük məsələsinin üzərinə kölgə salır”.