21 Sentyabr 2018 09:19
1 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 25-30 ildə birinci dəfədir bir dövlətə rəhbərlik edən şəxsin başqa dövlətin rəhbəri və ailəsi haqda sərsəmlədiyini görürəm. Bu, ləyaqətsizliyin bir nümunəsidir və onu göstərir ki, Paşinyan dövlət rəhbəri, baş nazir, siyasətçi yox, küçə adamı, səviyyəsiz ünsürdür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilən Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan hansısa qüvvələr tərəfindən vəzifəyə təsadüfi gətirilmiş küçə adamıdır: “Ona görə də ağlına gələni çərənləyir. Onun sözlərinin başına ip salmaq lazım deyil. Nə dövlət rəhbəri, nə də sanballı siyasətçi kimi tanınır. Aralıq mərhələdir deyə gətiriblər və gətirdikləri kimi də küçəyə atacaqlar. Paşinyana sual edirəm, nə üçün səfalət içində boğulan ermənilərin qayğısına qalmırsan, Azərbaycanın daxili işlərinə burnunu soxursan?”

Elman Məmmədov Nikol Paşinyanın səsləndiyi bəyanatların məsuliyyətini dərk etmədiyini söyləyib: “Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinin iddialarına layiqli cavab verdi. Bizim ordumuz gündən-günə qüdrətlənir. Müdafiə Nazirliyi 1991-ci ilin payızında yaradıldı, ancaq ordu quruculuğu ulu öndər Heydər Əliyev dövründən başladı. Cənab prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər ordumuzun dünyanın ən güclü ordular sırasında yer almasına nail ola bildi.

Azərbaycan xalqı öz ordusu ilə fəxr edir, vətəndaş kimi mən əsgərlərimizin, zabitlərimizin, şücayətinə görə qürur duyuram. Cənab prezidentimiz hər dəfə inamla bəyan edir ki, Azərbaycan ordusunun gücü sayəsində üçrəngli bayrağımız Şuşada, Xankəndində və digər işğaldan azad edəcəyimiz ərazilərimizdə dalğalanacaq”.

Deputat qeyd edib ki, bunu ordumuz erməni təxribatlarına cavab verərkən hər dəfə sübut edir və gücünü, gələcək zəfər yürüşçünü təsdiqləyir: “O gün çox da uzaqda deyil. İnşallah, Ali baş komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu öz sözünü deyəcək.

Prezidentimiz çıxışında söylədi ki, Biləsuvar rayonu Mübariz İbrahimov kimi gözəl övlad yetişdirdiyinə görə fəxr edə bilər. Dövlət başçımiz çıxışlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızı hər zaman xatırladır və fədakarlığını yüksək səviyyədə dəyərləndirir.

Onlar və xalqımızın yaddaşında, tariximizdədir, Mübariz İbrahimov başda olmaqla şəhidlərimizin adları qürur duyduğumuz adlardır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər