Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair prinsipial mövqeyini heç vaxt dəyişməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev bu fikri parlamentin 100 illik yubileyi ilə bağlı keçirilən toplantıda bir daha bəyan etdi. Hesab edirəm ki, prezidentin Ermənistanla bağlı fikirləri həm də bu işğalçı ölkəni dəstəkləyən dövlətlərə bir çağırış idi.
Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı, ASDP sədri Araz Əlizadə deyib.
Araz Əlizadə qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın əslində sayıqlama sayıla bilən son açıqlamaları vəziyyət dəyişib.
Deputatın sözlərinə görə, Ermənistanda hakimiyyət əvəzlənsə də, mahiyyət yerində qalıb: “Eləcə də Ermənistan cəmiyyətində Dağlıq Qarabağla bağlı mövqedə dəyişiklik baş verməyib. Cənab prezident bunu nəzərə alaraq elan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Bu, açıq mesajdır.
Əslində biz sevinə bilərdik ki, düşmən ölkədə hakimiyyətə naşı insanlar gəlib və Ermənistanın vəziyyəti bundan sonra daha pis olacaq. Digər tərəfdən, bu naşılarla danışıqların necə olacağı açıq qalır. Ancaq prezident prinsipial olaraq bəyan etdi ki, Azərbaycan Qarabağı heç vaxt heç kimə güzəştə getməyəcək. Bu Paşinyanın militarist bəyanatlarına qəti cavabdır”.
Araz Əlizadə əlavə edib ki, Prezident İlham Əliyevin Ermənistanla bağlı son bəyanatları beynəlxalq qurumlara da aiddir: “İndiyə qədər heç bir təşkilat Paşinyana məsuliyyətsiz bəyanatlarına son qoymaq çağırışı etməyib. Ancaq bəyan edirlər ki, sülhün əldə olunmasında maraqlıdırlar.
Yəni faktiki olaraq Ermənistanda gedən təhlükəli siyasi prosesləri görməzliyə vururlar. Bu da sözsüz ki, ikili standartın bariz nümunəsidir. Diqqət etsəniz görərsiniz ki, Paşinyan sonuncu Moskva səfərindən qayıtdıqdan sonra militarist siyasətə üstünlük verdi”.
Araz Əlizadə deyir ki, Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra müşahidə edilən proseslər bu ölkənin ağır vəziyyətə doğru getdiyini göstərir.