22 Dekabr 2018 00:15
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir beynəlxalq münasibətlər sistemində informasiya müharibəsi yumşaq güc vasitələri ilə aparılan ən səmərəli müharibə formalarından biridir. Bəzi dövlətlər informasiyanı təzyiq vasitəsi, bəzi dövlətlər şantaj kimi, bəzi dövlətlər isə idarəetmə rıçaqı olaraq görür və öz maraqları üçün bundan istifadə edirlər. Transmilli media da bu qəbildən olan beynəlxalq təzyiq vasitələrindən biridir. Adətən belə media vasitələrində milli dövlətlərin liderləri, onların ailə üzvləri, yaxınları və siyasi komandasına daxil olan şəxslər haqqında əsası olmayan informasiyalar yaymaqla bir növ həmin dövlətə təzyiq etməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu fikirləri "Azərtac"a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, Azərbaycana münasibətdə də belə hallar istisna deyil. Müxtəlif vaxtlarda bu tipli metodlarla bəzi informasiya hücumları təşkil olunub və bu, həmişə Azərbaycanın müstəqil siyasət yürütməsi və milli maraqlarını qətiyyətlə müdafiə etməsi ilə bağlı olub. Elə dekabrın 21-də Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli materialın verilməsi də növbəti bu cür çirkin addımlardan biridir. Məsələ burasındadır ki, hazırda olduqca mürəkkəb bir tarixi mərhələdən keçirik və yaşadığımız geostrateji rayonda mürəkkəb qlobal siyasi oyunlar davam edir. Belə məsuliyyətli və gərgin dövrdə Azərbaycan Prezidenti daim milli maraqlardan çıxış edərək olduqca mühüm qərarlar qəbul edir və bu qərarlar qonşu, dost ölkələrin maraqları ilə uzlaşır. Hər kəsə bəllidir ki, bu gün Azərbaycanın şimal, cənub və qərb qonşuları Yaxın Şərq məsələsində sinxron hərəkət etməklə qlobal imperializmi böyük və dağıdıcı layihələrində kardinal dəyişikliklərə məcbur edirlər. Bu mühüm siyasi prosesdə Azərbaycan milli və regional maraqlardan çıxış etməklə mənsub olduğumuz siyasi coğrafiyada idarəolunan xaos nəzəriyyəsinin tətbiq olunması siyasətini dəstəkləmədi. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində prinsipial mövqe nümayiş etdirməklə nə iqtisadi, nə də kommunikasiya sahəsində üstüörtülü şəkildə işğalçı ölkəni himayə edən güc mərkəzlərinə güzəştə getmədi. Tam əksinə, regionu diplomatiya mərkəzinə çevrilməklə, öz ətrafına strateji tərəfdaşlar toplayaraq yeni siyasi, iqtisadi reallıqlar yaratmaqla Ermənistanı küncə sıxışdırır. Bütün bunların hamısı Azərbaycanın regionun ən müstəqil siyasi aktoru olduğunu bir daha sübut edir.

Deputatın fikrincə, belə mövqe bəzi qlobal güc mərkəzlərini narahat etməyə bilməz. Ona görə də bu cür mərkəzlər tərəfindən informasiya gücü vasitəsilə siyasi təzyiq metodları həyata keçirilir ki, bu da ölkəmizə münasibətdə əsla təsirli ola bilməz. Çünki dərc edilənlər yalan və uydurmalara əsaslanır və konkret çirkin məqsədlərə hesablanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər