19 Yanvar 2019 16:33
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Belarusda ikinci Ukrayna ssenarisi hazırlayır. Burada inqilabı elə Prezident Aleksandr Lukaşenkonun əli ilə həyata keçirməyə hazırlaşırlar.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qərb Belarusda Rusiyaya qarşı inqilab etmək niyyətindədir:

“Son vaxtlar Belarusla əlaqələri dərinləşdirmək və bu ölkəni Rusiyanın tam nəzarətindən çıxarmaq planı üzrə siyasət aparılır. Əsas məqsəd bu ölkənin Rusiyaya birləşdirilməsi ehtimalının qarşısını almaqdır.

Hazırda Belarusda müəyyən siyasi dairələrin vasitəsilə müxalifət cəbhəsində anti-Rusiya ab-havası gücləndirilir və Kremlin işğalçılıq siyasəti geniş təbliğ edilir. Qənaətimə görə, Qərb Lukaşenkoya Rusiyanın onu hakimiyyətdən uzaqlaşdırmaq niyyətində olduğu ehtimalını çatdırdıqdan sonra, Minsk Moskvaya qarşı ritorikasını sərtləşdirib”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya rəhbərliyi Belarus ərazilərində NATO-nun Şərqi Avropadakı mövqelərinə qarşı raket bazaları qurmağı planlaşdırır: “Lakin bunun öz hakimiyyəti üçün təhlükə yarada biləcəyini ehtimal edən Lukaşenko Rusiyanın bu addımı atmasına imkan vermək istəmir. Buna görə də, Rusiya Belarusa qarşı təzyiqlər etməyə başlayır. Mümkündür ki, Belarus prezidentinin Rusiya əleyhinə açıqlamaları da bundan irəli gəlir”.


Müəllif: Mənsur Rəğbətoğlu