10 Aprel 2019 16:54
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev kifayət qədər praqmatik və müdrik bir insandır. O, beynəlxalq münasibətlərdə, eləcə də regionda ən kiçik nüansı belə hesaba almağı, duymağı və onu dəyərləndirməyi bacarır. Prezident seçkilərinin əvvəl elan olunduğu kimi deyil, üç ay ərzində keçirilməsi məsələsinin qaldırılması Nazarbayevin zəkasının məhsuludur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi Qazaxıstanda hakimiyyətin möhkəmləndirilməsi niyyətinə xidmət edəcək, həm də hakimiyyətin qolları, yəni icraedici, qanunverici və məhkəmə hakimiyyətlər arasında səlahiyyətlərin daha düzgün bölüşdürülməsinə şərait yaradacaq.

Politoloq xatırladıb ki, seçkilərin iki ildən sonra, Nazarbayevin prezidentlik müddəti başa çatanda keçirilməsi nəzərdə tutulurdu: “Amma indi həm mətbuatda, həm də kuluarlarda müəyyən fikirlər dolaşmağa başlayıb ki, hazırda prezident vəzifəsini icra edən şəxs səlahiyyətlərini o qədər də hökmlə həyata keçirə bilmir. Şimal qonşumuz tərəfindən bizə necə təzyiqlər varsa, Qazaxıstana da var. Bu müdaxilələr mətbuat səhifələrində də müzakirə olunmağa başlayıb. Rusiyada Jirinovski və müxtəlif tiplər səviyyəsində Qazaxıstana ərazi iddiaları yenidən qaldırılır. Halbuki, Qazaxıstanın özünün Rusiyanın Orenburq vilayətinə ciddi ərazi iddiaları var. Orenburqun ən azı 60-70 faizi vaxtilə Qazaxıstan, ümumiyyətlə türk torpaqları olub. Belə bir şəraitdə hakimiyyətdə boşluq yarada biləcək bütün halları aradan qaldırmaq lazımdır. Kasım-Jomart Tokayev Nazarbayevin qohumu olsa da, kifayət qədər savadlı, praktik vərdişlərə malik olan, hətta BMT sədrinin müavini kimi çox böyük vəzifədə işləmiş şəxsdir. O, uzun müddət Qazaxıstanın xarici işlər naziri, daha sonra parlament sədri kimi çalışıb, indi isə seçkilərdə iştirak etmək qərarı verib. Onu da qeyd edim ki, Nazarbayevin qızı Dariqa Nazarbayeva seçkilərdə namizəd olmayacağını açıqlayıb. O, rəsmi surətdə bildirib ki, onun parlament sədrindən uzağa getmək niyyəti yoxdur”.

Qabil Hüseynli hesab edir ki, bu, çox müdrik və düzgün qərardır: “İndiki şəraitdə hakimiyyətdə birinci kürsü uğrunda rəqabət yarışı təşkil etməyə heç bir ehtiyac yoxdur. Qazaxıstanda dövlətçiliyin möhkəmləndirilməsi üçün lazım olan keçid dövrü hələ tam başa çatmayıb. Mənə elə gəlir ki, Qazaxıstanda möhkəm hakimiyyət qurmaq və bu dövlətin indi malik olduğu torpaqları dövlətin tam nəzarəti altında qorumaq həyati əhəmiyyətli məsələdir”.

Xaricdən seçkilərə müdaxiləyə gəlincə, Qabil Hüseynli qeyd edib ki, Qərb dövlətləri Qazaxıstana pozitiv yanaşır: “Qazaxıstan həm zəngin, həm də postsovet məkanında ən sürətlə inkişaf edən ölkədir, maddi rifah səviyyəsi xeyli yüksəkdir. Ölkə Avropa standartlarını sürətlə qavrayır, bir az ləng də olsa, demokratiyaya doğru irəliləyir. Amma təəssüflər olsun ki, Rusiyada belə düşünənlər demək olar ki, yox dərəcəsindədir. Rusiya Qazaxıstanın güclü olmasını o qədər də arzulamır. Üstəlik, Jirinovski, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko kimi şəxslər Qazaxıstanda yaşayan rusların vəziyyətinin ağır olması barədə sərsəmləmələr irəli sürürlər. Halbuki Qazaxıstanda yaşayan ruslar həm dövlət vəzifələrində təmsil olunurlar, həm də təqaüdçülər və orda çalışanlar Rusiyadakılardan daha çox təqaüd və əmək haqqı alır. Yəni rusların maddi rifah halı Qazaxıstanda Rusiyadan daha yüksəkdir. Ona görə də uydurulan və mətbuata çıxarılan müxtəlif dezinformasiyalar o qədər də xoş olmayan niyyətlərə xidmət edir”.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə növbədənkənar prezident seçkilərinin iyunun 9-da keçiriləcəyini açıqlayıb. Ölkə başçısı qeyd edib ki, bu məsələ ilə bağlı Nursultan Nazarbayevlə, baş nazirlə, parlamentin hər iki palatasının spikerləri ilə məsləhətləşib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər