“Kreml istəyirdi ki, Ukraynada keçiriləcək prezident seçkisində kim seçilirsə-seçilsin, bu təkcə indiki Prezident Petro Poroşenko olmasın. Demək olar ki, bu istəyinə nail oldu”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ekspertin fikrincə, indiki məqamda əsas məsələ Ukrayna daxilində proseslərin hansı istiqamətdə gedəcəyi ilə bağlıdır:
“İnanmıram ki, Zelenskinin gəlişindən sonra Kreml Ukrayna daxilində nəfəs ala biləcək. Vəziyyət bundan ibarətdir ki, Ukrayna cəmiyyəti və siyasi sistemi geriyə yol görmür. Bütün hallarda Qərbə inteqrasiya dəsti-xətti davam edəcək. Amma çox güman ki, daxili proseslər Zelenskinin və ya digər siyasi oyunçuların istəyi ilə getməyəcək. Bu məsələdə proqnoz vermək çox çətindir.
Əsas sual budur ki, bundan sonra Vladimir Zelenski və Baş nazir Qroysman arasında münasibətlər necə qurulacaq? Zelenski Ali Rada qarşısında Qorysmanın istefasını tələb edəcəkmi? Çox güman ki, Zelenski buna getməyəcək. Oktyabrda Ali Radaya seçkilər keçiriləcək. Bu seçkilər Ukraynanın yeni baş nazirini müəyyən edəcək. Baş nazirin kim olması da vacib məsələdir. Baş nazir sosial-iqtisadi məsələlərin həllində böyük rol oynayan bir fiqurdur”.
İlqar Vəlizadə qeyd edib ki, Vladimir Zelenski yaxın aylarda xarici səfərlər edəcək, xarici tərəfdaşlarla danışıqlar aparacaq:
“Üzümüzə gələn aylarda Ukraynanın xarici siyasi kursu müəyyənləşəcək. Düşünürəm ki, Krım və Donbas məsələləri diqqət mərkəzində olacaq. Bundan sonra həmsədrlik missiyasının (Almaniya-ABŞ-Fransa-Ukrayna-Rusiya) yenidən işə salınıb-salınmayacağı da sual altındadır.
Suallar çoxdur və bu suallara Zelenski cavab verməlidir. Yəqin ki, üzümüzə gələn həftələrdə o, yeni proqramını təqdim edəcək. Düşünürəm ki, indiki məqamda Zelenski və digər siyasi qüvvələrin əsas diqqəti payızda keçiriləcək parlament seçkilərinə yönələcək. Bununla əlaqədar olaraq, yeni bloklar yarana bilər”.
Politoloq hesab edir ki, prezident seçkisində iştirak edən qüvvələr parlament seçkilərində aktiv yer alacaqlar: “Boyko, Yuliya Timoşenko, Neqredçuk və digərləri fəal siyasətçilərdir. Mixail Saakaşvili də Ukraynaya qayıdıb, bu amili də nəzərə almaq lazımdır. Hər şey real gedişatdan asılıdır”.