“2008-ci il martın 1-də İrəvanda baş vermiş qanlı olaylara görə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov və digər keçmiş dövlət rəsmiləri istintaqa cəlb olunub. Artıq uzun müddətdir aparılan istintaq başa çatıb, cinayət işi məhkəməyə göndərilib. Ermənistan Xüsusi İstintaq Komitəsi də təsdiqədi ki, əldə edilmiş dəlillər onların məhkəməyə göndərilməsi üçün kifayət edir. Buna görə də adıçəkilən və digər şəxslər məhkəməyə çıxarılacaq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Ekspertin fikrincə, Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən “Qarabağ klanı”nı hədəfə alıb:
“Əlbəttə, “Qarabağ klanı” onun qorxduğu ən güclü müxalif qüvvədir. Buna görə də bu klanın nüfuzlu üzvlərini və liderlərini siyasətdən uzaqlaşdırmağa çalışır. Hətta Rusiya Prezidenti Vladimir Putinin xahişləri də Paşinyan tərəfindən nəzərə alınmadı. Baş nazir Moskvaya yaxın olan bu adamları məhkəməyə qədər gətirdi.
Paşinyan bununla həm də özünü Moskvaya müstəqil dövlət başçısı kimi göstərməyə çalışır ki, artıq Ermənistan heç kimin sözü ilə oturub-durmur”.
Ramiyə Məmmədova bildirib ki, Rusiyayönümlü “Qarabağ klan”ı ilə Qərbyönümlü Paşinyan arasında siyasi mübarizə bu gün də davam edir:
“Amma üstün tərəf kimi Paşinyan görünür. Bu baxımdan hesab edirəm ki, məhkəmə prosesi Paşinyan və Putin arasındakı gərginliyi artıra bilər. Çox güman ki, Putin bu işi belə qoymayacaq, Paşinyana yaxşı bir qulaqburması verəcək. Rusiya prezidentinin buna adekvat olaraq hansı addımı atacağını deyə bilmərəm, amma hesab edirəm ki, belə bir addım atılacaq. Lakin bu, ikitərəfli münasibətlərə təsir etməyəcək. Çünki Rusiyanın geosiyasi planları var və Ermənistan da bu siyasətə daxildir. Yəni, Rusiya Ermənistanı öz geosiyasətindən kənarda qoymaq fikrində deyil. Rusiya heç vaxt Ermənistandan əl çəkən deyil, bu ölkəni öz forpostu olaraq saxlamaqda qərarlıdır.
Lakin məhkəmə prosesi Putin və Paşinyan arasındakı şəxsi münasibətlərdə gərginliyinə gətirib çıxara bilər. Bunun isə Rusiyanın Ermənistana ayırdığı yardımlara təsir edəcəyi istisna deyil. Habelə Rusiyada işləyən erməni iş adamlarına təzyiq edilə bilər, bu baxımdan, bəzi sanksiyaların tətbiq edilməsi mümkündür. Ermənistanı iqtisadi cəhətdən sıxışdıra bilərlər”.