Milli Məclisin Sədri Oqtay Əsədov Bolqarıstanın Baş nazirinin müavini, xarici işlər naziri Yekaterina Zahariyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisdən Teleqraf.com-a verilən məlumata görə, sədr iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb. Bu yaxınlarda Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sessiyasında təşkilata sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilib: “Dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. 2015-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Ötən ilin oktyabrında imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə” özlüyündə strateji dialoqun yaradılmasını ehtiva edir. Bu günədək ölkələrimiz arasında imzalanmış 68 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil edir. Biz siyasi müstəvidəki bu uğurlarımızı iqtisadi sahədə də görmək niyyətindəyik. Bu istiqamətdə məqsədyönlü addımlar atılmaqdadır. Cənub Qaz dəhlizinin reallaşması istiqamətində atılan addımlar buna parlaq misaldır. Enerji daşımaları sahəsindəki uğurlarımız Avropanın enerji təhlükəsizliyinə də töhfə verməkdədir. Biz gələcəkdə Bolqarıstanla əlaqələrimizin dərinləşməsində maraqlıyıq”.
Spiker parlamentlər səviyyəsində münasibətlərin təqdirəlayiq olduğunu söyləyərək, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Bolqarıstanın Baş nazirinin müavini, xarici işlər naziri Yekaterina Zahariyeva Bolqarıstanla Azərbaycanın strateji müttəfiq olduqlarını vurğulayaraq, ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyıb: “Ölkələrimiz arasında mövcud olan yüksək siyasi dialoq iqtisadi sahədə də canlanma yaratmaq üçün yaxşı zəmin yaradır”.
Qonaq dövlətlərarası münasibətlərdə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışaraq Prezident İlham Əliyevin 2015-ci ildə Bolqarıstana səfərinin əhəmiyyətini yüksək qiymətləndirib: “Son dövrdə iqtisadi sahədə artımlar müşahidə olunmaqdadır. Bu ilin mayın 22-də Bolqarıstanda Yunanıstan və Bolqarıstan Baş nazirlərinin iştirakı ilə qaz İnterkonnektorunun (İGB) təməlqoyma mərasimi baş tutub. Bu, Azərbaycan qazının Bolqarıstana və Avropa ölkələrinə nəql edilməsi üçün atılan mühüm addımlardan biridir. Biz Azərbaycanın bu sahədəki rolunu yüksək qiymətləndiririk. Hesab edirik ki, gələcəkdə nəqliyyat, kənd təsərrüfatı, İKT, turizm sahələrində də böyük uğurlara imza ata bilərik”.