“Moskva şəhər dumasına seçkilərdə müxalifət nümayəndələrinin namizədliyinin qeydə alınmaması Putin hakimiyyətinin sistemdən kənar formalaşan müxalifətdən çəkinməsindən irəli gəlir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Prezident Putin müxalifəti seçkiyə buraxıb öz namizədini qalib elan etdirsə, bu, ölkədə geniş etiraz dalğasının yaranmasına səbəb olacaq:
“Bununla da rəsmi olaraq siyasi sistemlər müxalifət üz-üzə qalacaq. Bundan başqa, yeni yaranan müxalif hərəkat Putin sistemi üçün təhlükə vəd edir, artıq federasiyanın subyektlərində 24 illik sistemi yıxa biləcək proses gedir. Bu hərəkat qarşıdan gələn prezident seçkisinə qədər öz miyasını Putinə təhlükə yaradacaq qədər genişləndirə bilər.
Bu səbəbdən də, Rusiya hakimiyyəti müxalifəti seçkilərdən kənarda saxlamaq üçün bütün vasitələri işə salıb.
Qeyd edim ki, avqustun 24-dən başlayaraq rus müxalifəti yenidən kütləvi aksiyalara start verəcək. Hesab edirəm ki, etirazlar paytaxtla yanaşı, ölkənin iri şəhərlərini də əhatə etsə, Putin geri çəkilmək məcburiyyətində qala bilər. Düzdür, geri çəkilmək Putinin xarakterində yoxdur, amma müəyyən qədər yumşala, manipulyasiya edə bilər”.
Məhəmməd Əsədullazadə hesab edir ki, müxalifət lideri Aleksey Navalnının sentyabrda Putinə qarşı başlamaq istədiyi nümayişlər bütün Rusiyanı əhatə edə bilər:
“Bu da Kreml daxilində ciddi siyasi böhrana gətirib çıxara bilər. Qənaətimə görə, belə nümayişlər ardıcıl xarakter alsa, qarşıdakı seçki ilində Rusiyada hakimiyyət dəyişikliyi başa tuta bilər. Bu baxımdan, ABŞ və Qərb bu nümayişlərin genişlənməsində maraqlıdır və aksiyaların davam etməsinə dəstək verə bilər”.