26 Sentyabr 2019 00:26
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni separatçıları iddia edirlər ki, sentyabrın 25-də Dağlıq Qarabağ səmasında Azərbaycan ordusuna məxsus pilotsuz uçuş aparatını vurublar. Azərbaycan Müdafiə Nazirliyi dərhal açıqlama verərək xəbərin dezinformasiya xarakteri daşıdığını, Azərbaycan ordusuna məxsus heç bir pilotsuz uçuş aparatının vurulmadığını bəyan edib. Belə olan halda erməni separatçılarının yalan xəbərinin arxasında nə dayanır? Məsələnin mahiyyəti erməni separatçılarının (dez)informasiyasının mətnində üzə çıxır. Onlar iddia edirlər ki, “neytrallaşdırdıqları” pilotsuz uçuş aparatı İsrail istehsalıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, bu məlumatın yayımlanmasının arxasında erməni separatçılarının və İrəvanın gizli niyyəti dayanır:

“Ermənistan hökuməti İsraildə səfirlik açmağa qərar verib. Ona görə də İrəvan isti-isti İsraillə münasibətləri yeni mərhələyə qaldırmaq istəyir. Elə bu məqamda da xəbər yayırlar ki, Azərbaycana məxsus İsrail istehsalı olan pilotsuz uçuş aparatını vurublar. Bunun ardınca da İrəvan özündən quraşdırdığı xəbəri yenidən yayımlayır ki, guya bir müddət əvvəl Azərbaycan tərəfi israilli mütəxəssisləri pilotsuz hava aparatlarını Dağlıq Qarabağ səmasında sınaqdan keçirməyə məcbur edib. Bunun ardınca 2016-cı ildəki məlum olayı da xatırladırlar ki, Azərbaycan ordusu İsraildə istehsal olunan pilotsuz uçuş aparatı vasitəsilə Dağlıq Qarabağa yardıma tələsən avtobusa zərbə endirmiş və bu zaman 6 könüllü döyüşçü öldürülmüşdü”.

E.Şahinoğlu qeyd edib ki, ikinci xəbər doğrudur, bunu Azərbaycanda inkar etmirlər:

“Ancaq xəbərin birinci hissəsi təxribat xarakteri daşıyır və İsrail-Azərbaycan münasibətlərini soyutmaq məqsədi daşıyır. Elə İrəvanın növbəti dezinformasiyası da, yəni İsrailin pilotsuz uçuş aparatını “vurması” Tel-Əvivə Azərbaycana silah satmamağı məsləhət mahiyyəti daşıyır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər