Rusiya Baş naziri Dmitri Medvedyevin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfərinə münasibəti və xüsusi vurğu ilə diqqəti bu məqama yönəltməsi maraqlı siyasi məqamdır. Medvedyev görüşdə bildirdi ki, Mehriban xanımın bu səfərinin əhəmiyyəti onun səfər proqramında öz əksini tapıb.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfərini şərh edərkən deyib.
O bildirib ki, Medvedyevin xüsusi həssaslıqla işarə etdiyi Mehriban xanım Əliyevanın səfər proqramının miqyası iki ölkə arasındakı əlaqələrin səviyyəsini dəqiqliklə ifadə edir:
“Mehriban xanım Əliyevanın Rusiyada yüksək səviyyədə qəbul edilməsi Azərbaycanın siyasi hədəflərini həssaslıqla müəyyənləşdirdiyini və Moskvanın Bakıya xüsusi əhəmiyyət verdiyini bir daha nümayiş etdirdi. Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya Hökumətinin sədri Dmitri Medvedyevlə görüşünə diqqət edin: Medvedyev Azərbaycan-Rusiya münasibətlərinin əhəmiyyətindən danışarkən, Mehriban xanım Əliyevanın bu əməkdaşlığa verdiyi töhfəni xüsusi vurğuladı. Bu o deməkdir ki, Azərbaycanın Birinci vitse-prezidenti dünyanın güc mərkəzləri ilə əlaqələrin inkişafında müstəsna rol oynayır. Unutmamalıyıq ki, bu, Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin şəxsi nüfuzunun göstəricisidir.
Mehriban xanım Əliyeva Medvedyevlə görüşdə humanitar əlaqələrə toxundu. Bu, diplomatiyanın vacib elementidir. Çünki beynəlxalq münasibətlərin indiki mərhələsində mədəni və humanitar əlaqələri özündə ehtiva edən “incə diplomatiya” əhəmiyyətli rol oynayır. Dövlətlərarası münasibətlərdə humanitar məsələlər “incə diplomatiya” hesab olunur. Məhz ölkəmizin “incə diplomatiya” xəttində Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. Təkcə Rusiya və regionda deyil, dünyanın bir çox ölkəsində, eləcə də Avropa Birliyinin əsas aparıcı iki dövlətindən biri olan Fransada Heydər Əliyev Fondunun vasitəçiliyi ilə həyata keçirilən humanitar tədbirlər ölkəmizin beynəlxalq imicinə çox müsbət təsir edib. Xüsusən erməni lobbisinin çox güclü olduğu Fransa ilə Azərbaycan arasında münasibətlərin belə yüksək səviyyəyə olmasında Mehriban xanım Əliyevanın yüksək intellektə əsaslanan diplomatik gedişləri böyük rol oynayır”.
Politoloq bildirib ki, Birinci vitse-prezidentin Moskvada “Lujniki” Olimpiya Kompleksinə getməsi və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın iştirakı ilə Gimnastika Mərkəzi ilə tanış olması məhz mədəni, humanitar əlaqələr baxımından önəmlidir:
“Bilirik ki, Azərbaycanda bədii gimnastika yüksək səviyyədə inkişaf edib və bu sahədə inkişaf gimnastikaya önəm verən region ölkələri üçün cəlbedici olur, onlarla əməkdaşlığa zəmin yaradır. Humanitar, mədəni, idman sahəsindəki isti münasibətlərsə siyasi əlaqələrdə həmişə təsiredici rola malikdir. Bu baxımdan, Mehriban xanım Əliyevanın Rusiya səfərinin proqramında bu cür çoxşaxəli görüşlərin nəzərdə tutulması təsadüfi deyil”.
Politoloq onu da qeyd edib ki, Mehriban xanım Əliyevanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünün planlaşdırılması da önəmlidir və bunu Dmitri Medvedyev təsadüfən vurğulamadı:
“Əlbəttə, bunu səfər proqramında öz əksini tapmışdı, yəni bunu vurğulamamaq da olardı. Lakin bu, Medvedyevin bu vurğusu Azərbaycana, Prezident İlham Əliyevə və ikitərəfli münasibətlərə necə önəm verdiyini göstərən nüanslardan biri idi.
Bu səfərin ümumi mənzərəsi Birinci vitse-prezidentin Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirilən siyasi proseslərdə aparıcı rol oynadığının nümayişidir.
Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədə inkişaf edir, iki ölkə arasında, diplomatların təbirincə desək, “müzakirə ilə həll edilməyəcək heç bir məsələ yoxdur”. Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə dostluq münasibətləri fonunda müxtəlif sferalar üzrə əməkdaşlığın inkişafı davam edir. Hərçənd, Rusiyanın qlobal siyasətin əsas cəbhələrindən biri olması və regiondakı əhəmiyyətini nəzərə alsaq, belə bir dövlətlə əlaqələri daim gücləndirmək zərurəti var. Birinci vitse-prezidentin Rusiyaya səfəri məhz bu kontekstdə qiymətləndirilməlidir. Hazırda regionda baş verən proseslər, xüsusilə işğalçı Ermənistanın populist rəhbərliyinin “siyasi şou” cəhdləri və rəsmi İrəvanın apardığı populist siyasətin Moskva ilə münasibətlərində mənfi atmosferi daha da sıxlaşdırdığı bir vaxtda Azərbaycanın ikinci şəxsinin Rusiyaya səfəri rəsmi Bakının bölgədə əlini gücləndirir”.
Aynur Camalqızı səfərdə ən diqqətçəkən məqamlardan birinin də Azərbaycanın Birinci vitse-prezidentinin Naməlum Əsgər məzarını ziyarət etməsi olduğunu deyib:
“Bilirsiniz ki, Naməlum Əsgər məzarı faşizm üzərində qələbənin simvolu hesab olunur. Mehriban xanım Əliyeva bu məzarı ziyarət etməklə ortaq tariximizə hörmət nümayiş etdirdi. Bu məsələ Rusiya dövləti, Rusiya ictimaiyyəti üçün ən həssas nöqtələrdən biridir. Bu gün işğalçı Ermənistan Qaregin Njdenin timsalında faşizmi qəhrəmanlaşdırır. Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində Ermənistanın faşizmi qəhrəmanlaşdırdığını işğalçı ölkənin baş nazirinin birbaşa üzünə söylədi və bu gediş regiondakı siyasi balansın Bakının xeyrinə güclənməsində mühüm rol oynadı. Ardınca Rusiya ictimaiyyəti Krasnodar diyarının Armavir şəhərində Njdeyə qoyulan xatirə lövhəsinin sökülməsi istiqamətində hərəkətə keçdi. Bu siyasi proseslər fonunda Mehriban xanım Əliyevanın Naməlum Əsgər məzarını ziyarət etməsi Azərbaycan liderinin siyasi manevrlərinin tamamlanmasıdır”.
Qeyd edək ki, Mehriban xanım Əliyevanın Rusiyaya səfəri 20 noyabrda başlayıb.