“Ermənistan növbəti təxribatında Azərbaycan hərbçisinin həlak olması ilə bəri başdan bu il aparılacaq danışıqlara zərbə vurdu”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, yeni ilin başlanğıcında erməni tərəfinin bu təxribatının məsuliyyətini Baş nazir Nikol Paşinyan daşıyır:
“Azərbaycan illərdir atəşkəsə əməl edir və danışıqların konstruktiv keçirilməsinə çalışır. Amma İrəvan hələ yeni il başlayar-başlamaz növbəti təxribata əl atmaqla, diplomatik danışıqlarda real nəticələrin əldə olunmasında maraqlı olmadığını aydın şəkildə göstərdi.
Ermənistan yenə də öz ənənəsinə sadiqdir, bəllidir ki, bir yolunu tapıb Azərbaycanı təxribata çəkməyi qarşısına məqsəd qoyub. Təxribat yerinin Qazax və ya Ermənistan-Azərbaycan sərhədləri seçilməsi təsadüfi deyil. Yəni, təcavüzkar tərəf Azərbaycanı Ermənistan sərhədlərindən təxribata çəkməyi qarşısında məqsəd qoyub ki, öz müttəfiqlərini bu işə cəlb edə bilsin. Başqa sözlə, İrəvan bu təxribatçı niyyətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əli ilə etmək niyyətindədir. Amma hesab edirəm ki, hücum qarşısında qalan Azərbaycan Ermənistana cavab versə, KTMT işə qarışmayacaq”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan mütləq şəhidin qisasını almalıdır: “Çünki Ermənistan ilin əvvəlində bununla vəziyyəti mürəkkəbləşdirdi və münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirdi. Artıq Ermənistana ön xətdə möhkəmlənməsinə imkan verilməməlidir”.