21 Fevral 2020 20:30
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 ildə Azərbaycanın İtaliya ilə münasibətləri çox intensiv inkişaf edir. Bu münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib. Bu qiyməti hər iki dövlət qəbul edir və bu istiqamətdə də hərəkət edirlər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin İtaliyaya fevralın 19-20-də gerçəkləşən dövlət səfəri çox yüksək səviyyədə keçib:

“Səfər zamanı əvvəllər imzalanmış Birgə Bəyannamənin yeni variantı üzərində işlənilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi olub. Azərbaycan Prezidenti və İtaliya Nazirlər Şurasının sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” kimi mühüm sənədi imzalayıb və mübadilə ediblər. Sənəddə açıq şəkildə vurğulanır ki, İtaliya və Azərbaycan respublikaları strateji tərəfdaşdırlar. İki ölkə arasında əlaqələr bütün sahələrdə normal inkişaf edir. Bundan başqa qeyd edilir ki, Azərbaycan bölgənin lider dövləti kimi İtaliya ilə əlaqələrə ciddi əhəmiyyət verir. TANAP layihəsinin TAP xəttinin İtaliyaya çəkilməsi də bu məqsədlərə xidmət edir. Həmçinin, qeyd edilib ki, İtaliya tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, separatizmin hər hansı formasını qəbul etmir”.

Q.Hüseynlinin sözlərinə görə, bütövlükdə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çox uğurlu olub:

“İtaliya Avropa İttifaqının qabaqcıl ölkələrindən biri kimi Azərbaycanla münasibətlərin keyfiyyətcə yeni formasının qurulmasında maraqlıdır və strateji tərfdaşlıq forması bunun qabarıq ifadəsidir. Nəticə etibarilə fikrimizi belə yekunlaşdıra bilərik ki, səfər uğurla başa çatıb və Azərbaycan-İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur”.


Müəllif: Səxavət Həmid