Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişafını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyası və onun fəalları qazanılan uğurların cəmiyyətimizdə təbliği baxımından aktiv fəaliyyət göstərir.
Teleqraf.com Report-a istinadən xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində çıxışı zamanı bildirib.
Ə.Əhmədov ölkəmizdə ötən ilin dekabrında bələdiyyə, bu il fevral ayının 9-da parlament seçkilərinin keçirildiyini xatırladaraq bildirib ki, hər iki seçki partiya üçün sınaq olub.
“Əslində, hər bir seçki sınaqdır. Bu dəfə isə iki seçki kampaniyasının demək olar ki, üst-üstə düşməsi bu sınağın möhkəmliyini göstərdi. Partiyamızın bütün strukturları bu sınaqdan uğurla çıxdılar. Həm bələdiyyə, həm də parlament seçkiləri kampaniyası partiyamız üçün uğurlu oldu”, - deyə YAP Sədrinin müavini bildirib.
O, partiyanın rayon təşkilatlarının seçki kampaniyasının uğurla keçirilməsi üçün öz işlərini yaxşı təşkil etdiklərini diqqətə çatdırıb.
Əli Əhmədov deyib ki, seçki kampaniyaları zamanı Prezident İlham Əliyevin siyasətinin uğurları, əldə olunan nailiyyətlər bir daha əhali arasında geniş təbliğ edildi: “YAP bu seçki kampaniyalarını uğurla keçirməklə bir daha özünün cəmiyyətdəki nüfuzunu və rolunu təsdiq etmiş oldu”.