25 Mart 2020 19:05
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi bir daha göstərdi ki, dövlətin koronavirusa qarşı gördüyü tədbirlər sistemli və düşünülmüş xarakter daşıyır. Bu gün koronavirusun geniş yayıldığı İran, İtaliya, İspaniya və digər Qərb ölkələrindən fərqli olaraq Azərbaycan dövləti vaxtında tədbirlər görməklə vətəndaşların kütləvi şəkildə virusa yoluxmasının qarşısını aldı. Doğrudan da, əgər bu tədbirlər olmasaydı, biz tamamilə başqa mənzərənin şahidi ola bilərdik.

Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Onu sözlərinə görə, əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin apardığı çevik və sistemli siyasət nəticəsində ola biləcək insan itkilərinin sayı minimuma endirilib:

“Koronavirusla bağlı mövcud vəziyyəti nəzərə alan dövlət başçısı həm də sahibkarlara müraciət etdi. Düşünürəm ki, indi xüsusi qadağaların tətbiq olunduğu bir vaxtda vətəndaşları ən çox düşündürən məsələlərdən biri də məhz iqtisadi məqamlarla bağlı idi. Bildiyiniz kimi bu məqsədə bir milyard manat ayrılmasının əsas məqsədi sahibkarlığa dəstək verməkdir. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr pozulur. İqtisadi fəallığın zəifləməsi məşğulluğa mənfi təsir göstərə bilər.

Cənab prezident bildirdi ki, sahibkarlar işçiləri ixtisar etməməlidirlər. Xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi göstəriləcək, vergi güzəştləri ediləcək və digər imtiyazlar veriləcək. Bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin. Vəsaitin ayrılmasına Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi nəzarət edəcək və vəsaitin xərclənməsi barədə ictimaiyyətə də məlumat veriləcək. Prezident eyni zamanda koronavirusla bağlı həkimlərin işini yüksək qiymətləndirdi.

O bildirdi ki, Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Doğrudan da, indiki şəraitdə, ən öndə gedən sosial qruplardan biri də məhz həkimlərdir. Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Tibb işçilərinin məvaciblərinin artırılması ilə bağlı dövlət başçısının bir müddət əvvəl verdiyi qərar prezidentin hər bir sosial qrup kimi həkimlərə diqqətinin xüsusi göstəricisidir”.

Zaur Məmmədov bildirib ki, biz hazırda koronavirusa qarşı aparılan siyasətin xalq tərəfindən dəstəklənməsinin şahidiyik:

“Təsadüfi deyil ki, indi ölkədə ən populyar şüarlardan biri məhz “Evdə qal” və “Biz birlikdə güclüyük” şüarlarıdır. Vətəndaşlar məsuliyyətli olmalı, yeni qaydalara, xüsusi karantin rejiminə riayət etməlidirlər. Təbii ki, vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəni daha məqsədyönlü və uğurlu edəcək. Hər bir şəxs yaxınlarına arxa olmalı, yaşlı nəslin nümayəndələrini, özünü, uşaqlarını qorumalıdır”.

Politoloq onu da bildirib ki, bütün bu addımlar bəzi müxalif dairələrin koronavirusdan öz siyasi təbliğatları üçün istifadə cəhdlərinin uğursuzluğa düçar olmasına gətirib çıxaracaq:

“Elə ölkədə olan xalq-iqtidar birliyi bunu bir daha göstəmiş olur. Onu da əlavə etmək lazımdır ki, Azərbaycan Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaratmaqla yenə də birincilik göstərdi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər