Fransanın Ren (RENNES) şəhərinin mərkəzində “Qarabağa azadlıq” aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları iyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata etirazlarını bildiriblər.
Onlar “Qarabağ Azərbaycanındır”, “Azərbaycana ədalət”, “Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır”, “Ermənistan, Qarabağın işğalını dayandır”, “Ermənistan Qarabağdan çıx” şüarları səsləndiriblər.
Aksiyadan əvvəl Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, bu işğal nəticəsində bir milyon azərbaycanlının doğma yurdundan didərgin düşməsi, qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını əks etdirən məlumatlar şəhərin mərkəzi küçələrində ictimaiyyətin sıx olduğu məkanlara yapışdırılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar haqqında məlumat verilib.
Aksiyanın məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalı, erməni silahlı qüvvələrinin törətdiyi Xocalı faciəsi ilə bağlı şəhər sakinlərini məlumatlandırmaq olub.
Aksiya iştirakçıları mülki əhaliyə qarşı yönəlmiş bütün zorakılıq aktlarını pisləyərək, beynəlxalq ictimaiyyəti təcavüzkarların cəzalandırılması istiqamətində daha fəal olmağa çağırıblar.