“Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakıya gəlməsinin səbəblərindən biri Azərbaycanın Türkiyə ilə keçirdiyi irimiqyaslı hərbi təlimlərin ardınca atıla biləcək addımları öyrənməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli deyib.
Onun sözlərinə görə, Şoyqunun Bakıya gəlişinin rəsmi və qeyri-rəsmi səbəbləri var:
“Rəsmi səbəb budur ki, onu Bakıya Azərbaycan müdafiə naziri dəvət edib.
Qeyri-rəsmi səbəbə gəlincə, bu, ilk növbədə İlham Əliyevin Vladimir Putinlə son telefon danışığı ilə bağlı ola bilər. Tovuz tərəfdə olmuş son döyüşlər kontekstində Rusiyanın Ermənistana hərbi yük göndərdiyi bilinəndən sonra İlham Əliyev Vladimir Putinə zəng etmiş, suallar vermiş, iradını bildirmişdi. Güman ki, Putin telefonda bütün detalları demək istəməyib, ətraflı söhbət üçün Şoyqunu göndərəcəyini bildirib”.
Erkin Qədirli Rusiya müdafiə nazirinin Bakı səfərində bir sıra məqsədlərin olduğunu da diqqətə çatdırıb:
“Birincisi, Azərbaycanın Türkiyə ilə keçirdiyi irimiqyaslı hərbi təlimlərin ardınca atıla biləcək addımları öyrənmək;
İkincisi, BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalarla bağlı qətnamənin qəbul olunmamasına baxmayaraq ABŞ-ın bu məsələdə təkbaşına hərəkət etməkdə israrlı olmasının kontekstində Rusiya-İran əməkdaşlığının müzakirəsidir. Yəni Azərbaycan Rusiya və İran arasında yerləşdiyinə və yükdaşımada tranzit rolunu oynadığına görə, hökumətin necə davranacağını öyrənmək;
Üçüncüsü, Rusiyanın Ermənistana 12 ədəd “SU-30SM” döyüş təyyarəsini satmaq təklifindən sonra Azərbaycanın da həmin qırıcıları almaq istəyində ola biləcəyini yoxlamaq;
Dördüncüsü, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlamaq istəyində olması kontekstdə yaxın gələcəkdə atıla biləcək addımları müzakirə etmək;
Beşincisi, Putinin özəl ismarışını İlham Əliyevə çatdırmaqdır”.