Rusiya Prezidenti Vladimir Putinin çıxışı göstərdi ki, bu dövlət münaqişənin həllində əvvəl olduğu kimi bitərəfliliyini, balanslı mövqeyini qoruyub saxlayır. Eyni zamanda Rusiya Azərbaycan topraqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun fikrincə, Vladimir Putinin çıxışı nümayiş etdirdi ki, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb:
“Ermənistanın daxili auditoriyanı aldatmağa hesablanmış bu ümidləri boşa çıxdı. Artıq status-kvonun olmaması, təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir”.
Ceyhun Məmmədov qeyd edib ki, Rusiya Prezidenti V.Putinin səsləndirdiyi "5+2 formatı" əvvəl də mövcud olub:
“Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda bu, öz əksini tapıb. Artıq indiki reallıqda Azərbaycan bu planın böyük bir qismini özü təmin edib. V. Putin Dağlıq Qarabağa hər hansı statusunun verilməsi barədə fikirləri də reallığı əks etdirir. Ona görə də, V.Putin tərəfindən Dağlıq Qarabağda müəyyən bir rejimin tətbiq olunması barədə fikir bildirilib”.