5 Dekabr 2020 21:30
6 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağda terrorçu-separatçı erməni hərəkatının, işğalın, etnik təmizləmə və soyqırım aktlarının ən amansız, ən qanlı icraçılarından biri olan hərbi cinayətkar Robert Köçəryanın “5-ci kanal”a müsahibəsi günün əsas müzakirə mövzusularından birinə çevrilib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, ilk baxışda Robert Köçəryan rəsmi İrəvanın davranışları ilə bağlı bəzi həqiqətləri dilə gətirir və deyir ki, münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin dalana dirənməsi bilərəkdən edilib:

“Sitat: “İş o yerə çatdı ki, ATƏT-in Minsk Qrupu həmsədrləri nə baş verdiyini belə anlamadılar. Erməni tərəfi danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirmək üçün müxtəlif fəndlərə əl atdı”.

Müharibə danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı anda başladı. Maneələr yarandı, erməni tərəfinin günahı ucbatından hər şey uğursuz oldu. Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi".

Robert Köçəryan Ermənistanın hazırki Baş naziri Nikol Paşinyanın həm hərbi, həm də diplomatık sahədə məğlub olduğunu deyib. Onun sözlərinə görə, 2020-ci ilin iyul ayında baş verən döyüşlər də Ermənistan tərəfindən başladılıb.

Sitat: “Digər tərəfdən vəziyyət elə inkişaf etdi ki, Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll etmək şansından məhrum oldu, ona görə də yalnız bir çıxış yolu var idi - müharibə. Bu cür hərəkətlər ancaq güclü olduğun zaman keçərlidir, müəyyən nüanslar təkzib edilir. Lakin belə deyil. Resurslar, əhalinin sayı, büdcə və ÜDM istənilən səviyyədə deyil. Yenə deyirəm, səlahiyyətli şəxslərimiz müharibəni qaçılmaz etmək üçün əllərindən gələni etdilər”.

Maraqlıdır, vaxtilə danışıqlar masasını “ayaqyolu” bəhanəsi ilə tərk edən Köçəryan nə üçün Nikol Paşinyanın danışıqlar prosesini pozması, Azərbaycanı müharibəyə təhrik etməsi ilə bağlı indi danışmağa başlayıb? Xocalı canisi zamanında hansı səbəblərdən Nikol Paşinyan rejiminin təhrikedici, qıcıqlandırıcı davranışlarına reaksiya vermirdi? Əgər müharibənin Ermənistanın acı məğlubiyyəti ilə başa çatacağını bilirdisə və bununla bağlı heç bir fikir səsləndirmirdisə, o zaman belə anlaşılır ki, Köçəryanı minlərlə erməninin işğal altındakı Azərbaycan torpaqlarında məhv edilməsi, işğalçı ordunun onminlərlə əsgər və zabitinin yaralanması, hərbi texnikasının darmadağın edilməsi və girov götürülməsi, onsuz da ağır iqtisadi böhran keçirən Ermənistanın daha da acınacaqlı duruma düşməsi narahat etməyib.

Əksinə o, bütün bunların baş verməsini arzulayıb ki, məğlubiyyətdə Nikol Paşinyanı ittiham etsin. Köçəryanın öz müsahibəsində “Paşinyanın məğlub olmasını” israrla vurğulaması da bunu sübuta yetirir. Yəni Köçaryan kimi hərbi canilər üçün onminlərlə və daha çox erməninin ölməsi heç bir əhəmiyyət daşımır”.

Elçin Mirzəbəyli qeyd edib ki, Köçəryanın bu müsahibəsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Paşinyan heç kimdir, Koçaryan və Sarkisyan, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” sözlərinə uğursuz cavab, yaxud hədəfdən yayınmaq cəhdi kimi də qiymətləndirmək olar:

“Digər tərəfdən, Robert Köçəryan hakimiyyətdə olanda, onun davranışları da Nikol Paşinyanın davranışlarından bir o qədər də fərqlənmirdi. Robert də danışıqlar prosesinin pozulması, işğalın davam etməsi üçün əlindən gələni əsirgəmirdi. Məhz bu baxımdan, onun müsahibəsi, məğlubiyyətin suçunu Paşinyanın üzərinə atmaqdan, vəziyyətdən istifadə edərək revanş götüməkdən başqa bir şey deyil.

Köçaryanı narahat edən digər amil, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Yuxarı Qarabağ amilinin Ermənistanda hakimiyyətə yiyələnmək üçün əsas rıçaqlardan biri kimi sıradan çıxmasıdır. Başqa bir faktor isə Ermənistan ordusu və əsgəri ilə yanaşı, Köçəryan kimi müharibə canilərinin də “məğlubedilməz” obrazının darmadağın edilməsi, bu qondarma obrazın yaratdığı bütün imtiyazların əldən çıxmasıdır. Kəsəsi, Robert ermənilərin yox, öz gününə ağlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər