Zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan və Türkmənistan arasındakı münasibətlər, əməkdaşlığın yeni inkişafını səciyyələndirir. Bu ölkələr arasındakı əlaqələr Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət vəkili deyib ki, eyni etnik kökə, mədəniyyətə və dinə mənsub iki ölkə regionda enerji siyasətinə də bir mövqedən yanaşır:
“Energetika sahəsində əməkdaşlıqla bağlı razılaşmalar əlaqələrin inkişafı üçün sağlam zəmin yaradır. Azərbaycan və Türkmənistan zəngin karbohidrogen ehtiyatlarına malikdir. Bu da ölkələr arası əməkdaşlıq üçün yeni perspektivlər açıb. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Münasibətlərin indiki inkişafı iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə sübutdur”.
Naqif Həmzəyevə görə, Azərbaycan-Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağı ilə bağlı imzalanan memorandum əlaqələrin yeni mərhələsidir:
“Memorandumla Azərbaycan Türkmənistanla ilk dəfə olaraq Xəzərdə yatağın mənimsənilməsi üzrə birgə işə başlayır. Bu əməkdaşlıq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Türkmənistan və Azərbaycan xalqına xeyir gətirəcək”.
Deputatın fikrincə, Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir:
“Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər. Xəzər ölkələr arasında təbii sərhəd olmasına baxmayaraq xalqların birliyinə töhfə verəcək. Dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən yatağın “Dostluq” adlanması münasibətlərin yüksək səviyyədə olmasına işarədir”.