Teleqraf.com Real Partiyası sədrinin müavini, iqtisadçı Natiq Cəfərli ilə müsahibəni təqdim edir:
- Natiq bəy, Rusiyada Aleksey Navalnı ilə bağlı proses davam edir. Yanvarın 23-də baş verən aksiyalardan sonra prosesin davam etdiyini nəzərə alaraq gözləntilər nədən ibarətdir?
- Navalnı və ümumən Rusiyada baş verən son hadisələr onu deməyə əsas verir ki, bu ölkə daxilində müxtəlif çevrələr və onlarla əlaqəli olan xarici mərkəzlər post-Putin dönəminə ciddi hazırlıqlara start verib. Həm yaş, həm də 21 illik hakimiyyətdə olmağı nəzərə alaraq obrazlı deyə bilərik ki, Putin komandasında “metal” yorğunluğu müşahidə olunur. Dekabrda cənab Putinin ənənəvi mətbuat konfransı oldu, amma onun ənənəvi mətbuat konfransları sensasiya ilə müşahidə olunurdu. Sonuncu belə tədbir isə çox sönük keçdi. Eləcə də Putin ötən gün Davos forumunda çıxış etdi, amma yeni heç nə demədi. Putinin özündə də bir yorğunluq var.
Əlbəttə, 21 il ərzində Rusiya kimi ölkədə hakimiyyətdə qalmaq elə asan məsələ deyil. Putindən sonrakı dövrə hazırlıq ölkə daxilində gedən proseslərlə də əlaqəlidir. Hamı gözəl anlayır ki, əsası Qərblə olan problemlərin həllindən daha çox Putinin varlığı məsələsi var. Başqa sözlə, nə qədər ki, Vladimir Putin Rusiyada hakimiyyətdədir, Qərblə ortaq məxrəcə gəlinməyəcək. Üstəlik ABŞ-da yeni hakimiyyət formalaşır. Hələ bilinmir ki, bu administrasiya Rusiya ilə hansı xətti seçəcək. Əgər Rusiyaya sanksiyalar, ələlxüsus bank köçürmələri ilə bağlı embarqolar tətbiq ediləcəksə, bu, daha ağır nəticələrə gətirəcək. Digər tərəfdən, bəllidir ki, Putinə yaxın olan çevrələrin əsas kapitalı, biznes aktivləri heç Rusiyada deyil, daha çox Avropa və ABŞ-dadır. Onlar da narahatlıq keçirir. Bu səbəbdən post-Putin dönəminə bu çevrənin də hazırlıqlarının olduğunu düşünürəm. Bu, Rusiyada ümumi vəziyyətin mənzərəsidir.
Aleksey Navalnı isə bu işdə sanki tarpedo rolunu oynayır. Bu prosesləri sürətləndirə biləcək missiya həyata keçirir. Onun apardığı işlər və araşdırmalar onu göstərir ki, Navalnı müxtəlif mənbələrdən böyük ehtimalla məlumatlar alır. Ola bilməz ki, adi bir blogger, müxalifət nümayəndəsi Putin Rusiyası üzərindən bu şəkildə “dron” uçursun. Bu, ağlasığmaz məsələdir. Böyük ehtimalla ona kömək edənlər, hətta maddi dəstək verməklə proseslərin sürətləndirməsi üçün ondan yararlananlar da var.
Ancaq Kremlin rəsmi davranışları göstərir ki, onlar məsələlərə qeyri-adekvat reaksiya verirlər. Navalnın yaxın ətrafının demək olar ki, hamısı həbs edilib. 31 yanvarda yeni aksiyalar elan olunub. Ehtimal edirəm ki, ona qədər də həbslər gedəcək.
- Fikrimcə, məsələnin maraqlı tərəfi budur ki, 2021-ci ildə Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək. İndi seçkilərə 8 ay vaxt qalıb. Bu 8 ay müddətində Rusiyada maraqlı və dalğavari proseslərin olması gözləniləndir. Bu Dumaya seçkilərin əvvəlki seçkilərdən daha maraqlı və daha rəqabətli şəkildə keçəcəyi proqnoz edilir.
- Hesab edirsiniz ki, son proseslər Rusiyadaxili prosesdir və xaricdən qaynaqlanmır?
- Bəli, əsasən Rusiyadaxili prosesdir. Amma sözsüz ki, Rusiya daxilindəki çevrələrin həm Avropa, həm də ABŞ-la müxtəlif münasibətləri var. Putinin ən yaxın dostlarının ən böyük imperiyaları haradadır? Londonda, Fillandiya, Fransa, ABŞ-dadır. Çox güman ki, onlarla da müxtəlif əlaqələr var. Amma rəsmi kanalların təqdim etdiyi kimi bu əlaqələr birabırçı vəziyyətdə deyil. Mən 23 yanvar aksiyasından sonra rus mediasını izləyirəm. Az qala deyirlər ki, amerikalılar insanlara fərdi şəkildə pul verib küçələrə çıxarırlar. Amma elə deyil. Rusiyada yeni nəsil yetişib. Ən azı öz təmsilçisini hakimiyyətdə görmək istəyir. Təkcə Sankt-Peterburq və Moskvada küçələrə 40-50 min insanın çıxdığı haqda fikirlər söylənilir. Mümkün deyil ki, sən 30-40 min insanın cibinə bir-bir pul qoyub aksiyaya çıxarasan. Bu, köhnə, sovet təfəkkürlü yanaşmadır. Məncə, Rusiyada prosesləri idarə edən komandanın səhvi odur ki, bu yeni situasiyanı görmək istəmir. Fakt budur ki, müstəqillikdən sonra Rusiyada böyük nəsil dəyişikliyi baş verib. Müstəqillikdən sonra doğulanların bu gün-sabah 30-40 yaşı olacaq. Bu nəslin artıq oyunçuya çevrilməsi dövrünü yaşayırıq.
- Rusiyada yanvarın 31-də elan olunan kütləvi mitinqlərdən nə gözləyirsiniz, proses baş tutacaq, yoxsa qarşısı alına bilər?
- Çox güman aksiyalar baş tutacaq. Rus cəmiyyəti bir qədər fərqlidir, bu cəmiyyət birinci aksiyadan sonra hökumətdən adekvat reaksiya gözləyirdi. Hökumətin, xüsusilə Peskovun simasında Kremlin verdiyi açıqlamlar tamamilə adekvat deyildi. Əlbəttə, bu aksiyalara başqa məqamlar da təsir göstərə bilər. Hava proqnozlarına görə, yanvarın 31-də Moskva və Sankt-Peterburqda daha sərt hava gözlənilir. O cümlədən, əksər şəhərlərdə həbslər var. Bunların təsirindən mümkündür ki, daha az insan aksiyalara çıxsın. Amma üzü yaz-yay fəslinə, seçki mərhələsinə doğru gedir. Parlament seçkilərinə hazırlıq və təbliğat dövrü 90 gün çəkəcək. Məncə, seçkilərə qədər dalğavari aksiya və etirazların olma ehtimalı kifayət qədər yüksəkdir.
- Prezident Putinin planları nədən ibarətdir, onun 2024-cü ildən sonra atmaq istədikləri addımlar indidən görünürmü?
- Putinin bu yaxınlarda verdiyi açıqlamada maraqlı bir detal oldu. İlk dəfə çox açıq şəkildə danışaraq bildirdi ki, vəzifədən getməyi düşünür, siyasətdən getdikdən sonra üzümçülük və şərabçılıqla məşğul olmaq planları var. Məncə, bu, bəlkə də ən yaxın ətrafına, elitaya mesaj idi ki, məni çox da tərpətməyin, məndən sonrakı mərhələdə sizin üçün yaxşı olmayacaq.
Prosesərin maraqlı olacağı və Putinin də günün birində anlaşaraq, məsələn Nazarbayev kimi hakimiyyətdən çəkiləcəyi baş verə bilər. Yəni Nazarbayev kimi kənara çəkilir, vəziyyətə kənardan nəzarət edir, amma proseslərin önündə başqa adamların olmasına imkan yaradır. Şəxsən mənə Vladimir Putinin bu gedişi heç də təəccüblü gəlməzdi.
- Demək istəyirsiniz ki, Vladimir Putin dövrü tədricən Rusiyada başa çatır?
- Bəli, düşünürəm ki, yaxın 2-3 ildə çox şey dəyişə bilər. İlk olaraq bu il keçiriləcək Duma seçkilərindən çox şey asılıdır. Seçkilərdə yeni qüvvə və simalar daha çox səs toplayıb və güclərini göstərə bilsələr, bu zaman proses daha çox sürətlənəcək. Amma azından proses 2023-2024-cü ilə qədər davam edəcək. Mümkündür ki, Putin heç 2024-cü ildə namizəd olmasın. Bunu mümkün sayıram. Əslində Putin iki ssenaridən birinə üstünlük verə bilər.
Birincisi, Rusiyada yeni konstitusiya referendumundan sonra Dövlət Şurası adlı rəsmi dövlət qurum yaradılıb. Putin Nazarbayev kimi bu qurumun başına keçə və kənardan idarəetməyə üstünlük verə bilər. Proseslərin önündə isə başqa insanlar olur və Rusiyanın dünya ilə münasibətlərini düzəltməyə çalışır, ölkə daxilində problemləri yoluna qoymağa çalışır.
İkincisi, Boris Yeltsin variantıdır. Putin öz varisini elan edir, 2024-cü ildə ona dəstək verərək özü kənara çəkilir. Hər bir variantın mümkünlüyü kifayət qədər yüksəkdir.
Unutmaq olmaz ki, yaş da öz sözünü deyir. Odur ki, Putin hakimiyyətdə qala bilər, amma prosesləri öz komandası ilə kənardan idarə etməklə. Qazaxıstanı faktiki Nazarbayev idarə edir, amma adı heç yerdə yoxdur. Əvəzində Tokayev var və gənc bir insan baş nazirdir. Dünya ilə onlar danışır. Müasir insanlardır, ingilis dillidirlər, xariclə normal münasibətləri var. Bu xətti seçə bilər. Yeri gəlmişkən, qeyd edim ki, aşağı-yuxarı Belarusda da eyni şey olacaq. İki ildən sonra Belarusda yeni konstitusiya qəbul olunmalıdır. Məncə, Belarusda Lukaşenko da Nazarbayev variantına gedə bilər.