12 Fevral 2021 14:32
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən hakimiyyətə gəlmək istəyir. O bildirib ki, əgər hakimiyyətdə özü olsaydı, Azərbaycan Ermənistan üzərində bu qədər əzici üstünlük qazana bilməzdi. Sizcə, onun yenidən siyasi hakimiyyətə qayıtması mümkündürmü?

- Ermənistanı bu günə salan elə Robert Köçəryanla, Serj Sərkisyan olub. Bunlar o şəxslərdir ki, Azərbaycan xalqına qarşı müharibə cinayətləri, Xocalı soyqırımı törədiblər. Azərbaycanın şanlı Ordusu S.Sərkisyan və R.Köçəryanın yaratdığı ordunu darmadağın edib. Cənab Prezidentin vurğuladığı kimi Dəmir Yumruq işğalçı, təcavüzkar ordunu məhv etdi. R.Köçəryanın indiki halda özünü bu cür aparması acı məğlubiyyətin yaratdığı sindromdur. O, bu acınacaqlı məğlubiyyəti həzm edə bilmir. Eyni zamanda bu onun şəxsi keyfiyyətləri ilə bağlıdır. Terrorçu, baş kəsən, qəddar bir insan yenidən hərbi cinayətlər həyata keçirmək istəyinə düşüb. Amma onun bu revanşizmlə bağlı hisləri yarımçıq qalacaq. Çünki erməni xalqı onun hakimiyyətdə olduğu dönəmi görüb. Onun həm azərbaycanlılara qarşı, həm ermənilərin özlərinə qarşı tərətdiyi cinayətlərin şahidi olub. Bu baxımdan Köçəryanın arzusu ürəyində qalacaq və heç vaxt reallaşmayacaq. O, Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə, beyəlxalq hüquq qarşısında cavab verməli olacaq.

- Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycana maddi və mənəvi ziyan vurulub. Bu ziyanın qarşılanması üçün Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edib. Prosesin hüququ müstəvidə ədalətli həll olunmasını necə şərh edərdiniz?

- Cənab Prezident bununla bağlı öz çıxışlarında dəfələrlə fikirlər bildirib. Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlamasına, işğal dövründə mədəni, ekoloji və insanlığa qarşı terrora, ümumiyyətlə vurulan ziyana görə təzminat ödəməlidir. Bununla bağlı dövlət rəhbərliyinin konkret göstərişi mövcuddur. Məlumatlar, faktlar torplanılıb. Bu faktlar beynəlxalq təşkilatlara, məhkəmələrə göndərilir. Eyni zamanda bu proses davam edəcək. Ermənistan sözsüz ki, etmiş olduğu bütün cinayətlərə və vandallığa görə, beynəlxalq hüquq qarşısında cavab verməli olacaq. Bu eyni zamanda bütün ehtimal olunan məsələlər üçün də bir zəmindir. Digər tərəfdən beynəlxalq məhkəmələrdə Ermənistanla bağlı çıxarılacaq qərarlar bu ölkənin işğal siyasətini bir daha gündəmə gətirmiş olacaq. Beləliklə, indiyə kimi Ermənistana haqq qazandırmağa çalışan, onun işğal siyasətinə göz yumanlar da beynəlxalq ictimaiyyətin əsl reallıqla tanış olmasını müşahidə etməli olacaqlar.

- Sizcə, bölgədə yeni əməkdaşlıq platforması hansı şəkildə mümkündür?

- İndiki halda regional və yeni əməkdaşlıq Ermənistanın mövqeyindən asılı olacaq. Sözsüz ki, Ermənistan olmadan da regionda əməkdaşlıq platforması mövcud olub. Bu istiqamətdə dövlətlər və bölgə xalqları daha aktiv mövqe sərgiləyib. Amma indiki real situasiyada Ermənistanın da yeni əməkdaşlıqda maraqlı olması onun özü üçün vacibdir. Çünki bütün regional əməkdaşlıqlardan və qarşılıqlı iş prinsiplərindən kənarda saxlanılmış Ermənistan beləliklə iqtisadi blokadadan çıxmaq imkanı qazanar. 11 yanvarda Moskvada imzalanmış razılaşma ilə bölgədə yeni əməkdaşlıq platforması yaranıb. Burada kommunikasiyaların açılması və digər zəruri əlaqələrin qurulması təsbit olunur. Sözsüz ki, bu yenə də erməni siyasi rəhbərliyinin qərarından asılıdır. İlk növbədə bu razılığa əməl etmək Ermənistan üçün həyatı əhəmiyyət kəsb edir. Altılıq ölkələrinin əməkdaşlığı bölgəyə yeni münasibətləri daşımış olacaq. Ermənistan bu mərhələdə də səmimi olacaqsa, xalqı üçün çıxış yolu tapmış olacaq. Bundan imtina etdiyi halda onun özü üçün daha çətin olacaq. Ona görə də Köçəryan kimilər revanşist hislərdən danışmaqdansa, regional əməkdaşlıqla öz xalqının gələcəyi naminə addımlar atılmasına təşəbbüs etsinlər. Ermənistan tərəfi Azərbaycan, Türkiyə, Gürcüstanla normal münasibətlərdə maraqlı olmalıdır. Çünki qısasçılıq heç bir dövlətə uğur gətirməyib. Ona gör də revanşizmlə bağlı fikirlərin heç bir müsbət faydası ola bilməz. Bu cür hislərin sonunun necə bitdiyini ermənilər yəqin ki, yaxşı bilir. Yenidən qarışıqlıq yaradıb hakimiyyət istəyinə düşən Köçəryan və onun tərəfdarlarına erməni xalqının dəstək olacağı da gözlənilmir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər