29 Aprel 2021 09:14
26 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin törətdiyi qətliam və soyqırımılardan təkcə tarixçilər yox, hərbçilər də bəhs ediblər, yazıblar. Məsələn, o dönəmin şahidi olmuş amerikalı admiral Mark Lambert Bristolun 33 min hissədən ibarət hesabatları, teleqramları və iştirak etdiyi iclaslar haqda qeydləri bu gün də, Vaşinqtondakı hökumət və Konqresin arxivlərində saxlanılır”.

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) rəhbəri və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Fatih Özonurun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “soyqırımı” adlandırdı. Maraqlıdır, o, niyə buna ehtiyac duydu və belə bir addım atdı?

- Əslində Baydenin açıqlamasında “soyqırımı” ifadəsinə yer verməsi sürpriz deyil. Onsuz da, bütün siyasi karyerası boyu bunu dəstəkləyib, eyni zamanda, prezident seçiləcəyi təqdirdə tanıyacağı vədini vermişdi. Təbii ki, Baydenin belə bir qərar verməsi və keçmişdən indiyədək “erməni soyqırımı”nı müdafiə etməsi, onun ermənilərə olan simpatiyası və ya onların “soyqırımı qurbanları” olduğuna inanmasından irəli gəlmir. Bu, Demokratlar Partiyasının Türkiyə Cümhuriyyətinə qarşı yürütdüyü aqressiv siyasətdə bir alətdir, Bayden də bunu belə qəbul edir. Onun tarixdən xəbəri yoxdur, indi bu “soyqırımı”nın nə vaxt baş verdiyini soruşsan, kəkələyəcək, dili topuq vuracaq. Çünki bilmir.

- Baydenin bu açıqlamasından sonra qondarma soyqırımının ABŞ Konqresində rəsmən tanınması ehtimalı nə qədərdir?

- Tarixi faktları öz arxivlərində olmayan bir ölkə sadəcə olaraq, özünü bu məsələ haqda bilgiləndirməkdən məsuliyyət daşımalıdır, öz Senatında bir xalqı “soyqırımı törətmək”də ittiham etməkdən yox. ABŞ arxivlərində qondarma soyqırımı haqda vaxtilə yazılmış bir kitab var. Bunun da müəllifi heç vaxt hadisə yerlərində olmamış ABŞ-ın İstanbuldakı dönəm səfiri, Almaniya yəhudisi Henri Morgentaudur. O, vaxtının çoxunu səfirlikdə yox, Qüdsdə keçirib. Əslində, 1918-ci ildə yazdığını iddia etdiyi bu kitabı ABŞ səfirliyində işləyən iki erməninin danışdıqları əsasında ərsəyə gətirib. “Morgentaunun tarixi” adlı həmin kitabda ABŞ səfirliyində çalışan Akop Andonyan adlı erməninin xatirələri də yer alıb. Bildiyim qədər ABŞ arxivlərində o dövrlərə aid bundan başqa kitab yoxdur. Amma ABŞ və Avropa arxivlərində ermənilərin törətdiyi qırğınlardan bəhs edən saysız sənədlər, yazılan kitabları görə bilərsiniz. İlk növbədə, ABŞ Senatı bunlara baxsın.

Ermənilərin törətdiyi qətliam və soyqırımılardan təkcə tarixçilər yox, hərbçilər də bəhs ediblər, yazıblar. Məsələn, o dönəmin şahidi olmuş amerikalı admiral Mark Lambert Bristolun 33 min hissədən ibarət hesabatları, teleqramları və iştirak etdiyi iclaslar haqda qeydləri bu gün də Vaşinqtondakı hökumət və Konqresin arxivlərində saxlanılır. Həmin sənədlərin heç birində “soyqırımı baş verib” ifadəsi yer almır. Əksinə, o dönəmdə ermənilərin yüzlərlə kənddə minlərlə türkü öldürdüyünə dair faktlar amerikalı kəşfiyyatçı Eduard Foksun admiral Bristola göndərdiyi hesabatlarda açıq şəkildə qeyd olunub. O, təkcə bunları yox, Kazım Qarabəkir Paşanın ordusu ilə bölgədə girdiyi vaxt soyqırımı və ya qətliam törətmədiyini də yazıb.

İndi Bayden və komandasına bu sualı vermək lazımdır: o dönəmdə ermənilərin əksəriyyət təşkil etdiyini iddia etdikləri bölgələrdə soyqırımı baş versəydi, niyə ABŞ Prezidenti Vilson ermənilərə Ərzurum, Bitlis, Van və Trabzon kimi şəhərlərimizi vəd etdikdən sonra – 1920-ci ildə Ermənistanla bağlı üzərində götürdüyü məsuliyyətdən boyun qaçırdı və Sevr müqaviləsini imzalamadı? Onlar bu suala cavab verməlidir. Çünki 1919-cu ildə içində 9 min hərbçi olan 17 döyüş gəmisi ilə bölgəyə gedən amerikalı general Harbordun müşahidə hesabatlarına görə, ABŞ prezidenti belə bir xəritədən imtina etmişdi. Daha dəqiq desək, 1921-ci ildə ABŞ arxivlərində dəlil olmadığı etiraf edilib.

1921-ci il martın 31-də Malta adasında ermənilərə qarşı “qətliam” törətməkdə ittiham olunaraq həbs olunan 144 yüksək vəzifəli Osmanlı generalının məhkəməsində İngiltərəni təmsil edən Lord Kurzon ölkəsinin ABŞ-dakı səfirinə məhkəmədə türklərə qarşı əllərində dəlil olmadığını və Amerika Dövlət Departamentinin icazəsi ilə arxivlərinin araşdırılması və “erməni soyqırımı”nı sübut edəcək fakt varsa, məhkəməyə göndərməsini yazıb.

Kurzon və səfirin arasında altı dəfə teleqraf danışığı baş tutub.

İngiltərənin Vaşinqtondakı səfirinin Malta adasındakı Lord Kurzona göndərdiyi 5-ci teleqram belədir:

“Səfirliyin əməkdaşlarından bir nəfərin hazırda Malta adasında həbs olan türklərin məhkəməsi üçün dünən Dövlət Departamentinə baş çəkdiyini sizə bildirməkdən qürur duyuram. Yaxın vaxtlarda baş verən savaşda ABŞ konsullarının ermənilər üzərində işlənən qırğınlardan bəhs edən hesabatları görməsinə icazə verildi. Əlahəzrətin hökumətinin məqsədlərinə faydalı olması üçün bu hesabatlar yüzlərlə sənədin arasından çıxarılıb araşdırıldı. Kədərlənərək sizə bildirirəm ki, Malta adasındakı məhkəmə üçün həbs edilən türklərə qarşı dəlil olaraq istifadə edilə biləcək heç nə yoxdur.

İstintaq materiallarında iki səlahiyyətli şəxsdən – Sabit bəy və Süleyman Faiq Paşadan bəhs olunduğu görünür, hətta bu vəziyyətdə təqdim olunan rəqəmlər müəlliflərin şəxsi dünyagörüşlərini də məhdudlaşdırır, qənaətbəxş sayılacaq ittiham sübutu sayılan konkret dəlil yoxdur. Dövlət Departamenti istəyə cavab olaraq, bu çərçivədə məhkəmədə istifadə olunması üçün onlar tərəfindən təqdim edilə biləcək hansısa məlumatın olmadığını bildirdi. Dövlət Departamentindəki hesabatlarda yer alan həqiqətlər əlahəzrətin hökumətinin hazırda malik olduğu bilgini təsdiqləyən məqsəd üçün – türklərə qarşı dəlilləri əks etdirmir. Bununla bağlı Dövlət Departamentində daha çox araşdırma aparmağın ümid yaradacağına inanmıram”.

6-cı teleqramda da, türklərin ermənilərə soyqırım törətdiyinə dair heç bir dəlilin olmadığı açıq şəkildə bildirilib:

“Burada (ABŞ arxivlərində) soyqırım dəlili tapılmayıb. Böyük ehtimalla Vaşinqtondan dəlil əldə etməyimiz qeyri-mümkün kimi görünür. İndi soyqırımda ittiham olunan hansısa bir məhkumun məqbul bir ittihamla təqsirkar bilinməsi üçün baş prokurorun qərarını gözləyirik”.

Əslində indi həm ABŞ, həm də İngiltərə arxivlərində qondarma erməni soyqırımı ilə bağlı dəlillərin olmamasından danışsaq, bu, çox uzun vaxt aparacaq. Hər halda, hər şey gün kimi ortadadır.

- Yəni ermənilərin bu iddialarının saxta olduğu ABŞ-ın siyasi çevrələrinə məlumdur...

- Əlbəttə, ABŞ-dakı qurumlar qondarma soyqırımının əslində, qiyam olduğunu və öz arxivlərində bu “soyqırımı” sübut edəcək dəlillərin olmadığını bilirlər. Bu səbəbdən bu məsələnin həll edilməsi üçün vasitəçilik etmək istəmirlər. Çünki Ermənistana “arxivləri aç” desələr, 1892-1922-ci illərdə baş verən erməni üsyanları, ABŞ arxivlərini açsalar, yenə də ermənilərin yandırıb xarabalığa çevirdiyi kəndlər, qəsəbələr və qətlə yetirdiyi türkləri görəcəklər.

O illərdə yaşamış və ABŞ-da çox yaxşı tanınan filosof, psixoloq və maarifçi Con Dyüy baş verənlər haqda belə yazır: “Ermənilər xaincəsinə ruslardan dəstək alaraq, türk şəhərlərinə geri döndülər. Mülki insanlara qarşı savaş açmaq üçün 150 min nəfərlik ordu qurdular, ən azı 100 türk kəndini dağıtdılar, əhalisini yox etdilər”.

Əgər Bayden soyqırım haqda danışmaq istəyirsə, ABŞ arxivlərini açıb Con Dyüyün bu qeydlərini oxusun. Eyni zamanda, bu məsələ ilə bağlı ən təsiredici addımı Ronald Reyqan atıb, bu məsələnin həll edilməsi və bir qərar vermək üçün hüquqi məsələlər üzrə müşaviri Bryus Feynə 1915-ci il hadisələrini araşdırmaq təlimatı verib.

Ortaya çıxan nəticələr haqda Bryus Feyn bunları deyib:

“Prezident Reyqanın təlimatı əsasında erməni soyqırımı hadisələrini araşdırmağa başladıq. ABŞ, Avropa və Türkiyə arxivlərində erməni soyqırımına yox, ermənilərin 3 milyondan çox türkü qətlə yetirdiyi soyqırıma rast gəldik”.

Feynin başqa bir açıqlaması isə belədir: “Ermənilər arxivlərinin açılmasını istəmirlər, çünki həqiqətlərin ortaya çıxmasından qorxurlar”.

- Bəs ABŞ-ın siyasi çevrələrində ermənilərə və onların saxtakarlıqlarına niyə bu qədər önəm verilir?

- Ermənilər amerikalı siyasətçilərin veclərinə deyil, seçkilər istisnadır. Ermənilər onların keçmişdən indiyədək Türkiyəyə qarşı istifadə etdikləri önəmli “şahmat daşları”ndan biridir. Çünki qarşılarında saxta iddialardan hazırlanmış yüzlərlə sənəd var. Bu sənədlərin hamısının əsassız olduğu sübut edilib, amma bunlar Türkiyəyə qarşı tutduqları mövqe və ya yürütdükləri siyasətə uyğun gəlir. Əsas məqsədləri də, bunlardan istifadə edərək, beynəlxalq siyasi platformalarda Türkiyənin önünü kəsmək və hədəflərinə gedən yolda ona mane olmaqdır. Bütün məsələ budur. Hər keçən gün həm siyasi platformalarda, həm də hərbi sahədə müstəqilliyini daha da gücləndirən, eyni zamanda, Yaxın Şərq, Afrika və Orta Asiyadakı köklərini yenidən canlandıran Türkiyənin qarşısıalınmaz yüksəlişinin önünə keçməyə səy göstərirlər.

- ABŞ bu qondarma iddianı tanısa belə, nə dəyişəcək?

- ABŞ bunu tanımayacaq. Tanısa, Türkiyə adlı bir müttəfiqi olmayacaq, bu səbəbdən belə bir ehtimal belə yoxdur. ABŞ öz məntiqi ilə guya saman altından su yeridir, amma Türkiyə bunu əsla qəbul etməyəcək. Onsuz da Türkiyənin buna verəcəyi cavabı çox yaxında hər kəs görəcək.

- Türkiyə bölgədə ABŞ üçün önəmli bir müttəfiqdir. Bu baxımdan, Türkiyənin ABŞ-la yanaşı, NATO üçün də imtinaedilməz əhəmiyyətinin olduğunu deyə bilərik. Lakin bu gün Türkiyəyə təzyiqlərin olduğunu görürük. Bunun səbəbləri nədir?

- Bütün bunlar bu günün məsələsi deyil. ABŞ və Türkiyə arasındakı bu gərginlik təkcə Çindən raketatıcı qurğuların alınması ilə bağlı gedən müzakirələr və ya Rusiyadan “S-400” sistemlərinin alınması ilə əlaqədar deyil. Münasibətlərin bu qədər gərginləşməsinə Klinton dönəmində ABŞ-PKK əlaqələrinin başlaması, Türkiyənin 2002-ci ildən sonra “Amerikanın Yaxın Şərqdəki jandramı” rolundan çıxması səbəb oldu. İkinci Körfəz Müharibəsi buna ən yaxşı nümunədir. Türkiyə Yaxın Şərq, Aralıq dənizinin şərqi və Afrikada, xüsusən də Somali, Liviya və Sudanda öz mövqelərini ortaya qoyaraq, öz gücünü və bu bölgələrdəki varlığını göstərdi. Sudanın Sevakin adasının 99 illiyinə Türkiyəyə icarəyə verilməsində o mesaj vardı ki, bu bölgələrdə artıq mən də varam. Yəni, Türkiyənin seçdiyi yol ABŞ-ın maraqlarına uyğun gəlmir. İnanmıram ki, ABŞ NATO-nun ikinci, Avropanın isə birinci ən böyük ordusuna sahib olan Türkiyə ilə onun “arxa bağça”sı olan Yaxın Şərqdə üz-üzə gəlmək istəyəcək.

- TASFO ABŞ-da istər qondarma soyqırım, istərsə də ermənilərin ayrı-ayrı vaxtlarda törətdiyi cinayətlərlə bağlı fəaliyyətlər göstərdiyini bilirik. Baydenin bu qərarından sonra hansı addımları atmağı planlaşdırırsınız?

- TASFO-nun bu sahədəki araşdırmaları və fəaliyyətləri dəyişməyəcək. 2008-ci ildən bəri xarici arxivlərdə apardığımız araşdırmalar davam edir. Sosial şəbəkələrdə ermənicə də daxil olmaqla 6 fərqli dildə 15 səhifədəki paylaşımlarımız, təşkil etdiyimiz fotosərgilərlərlə amerikalıları bilgiləndirməyə, kitablar tərcümə etməyə də davam edəcəyik. Malta adasındakı məhkəmə haqda Hollivudda film çəkməyi hədəfə almışıq və bu yöndəki səylərimizi davam etdirəcəyik. Baydenin açıqlaması işimizə mənfi təsir göstərə bilməz, əksinə, bu araşdırma və səylərimizin daha da güclənməsinə təkan verir.

TASFO-nun yeni layihəsi haqda da danışmaq istəyirəm. TASFO 12 ildir virtual dünyadakı fəaliyyətlərini necə davam etdirirsə, eyni şəkildə videoların hazırlanmasını da həyata keçirəcək, bundan sonra bizi Yutubda da görə biləcəklər. İlk işimiz şəhid diplomatlarımızın başına gələnləri ingilis dilində videoformatda təqdim etmək olacaq. Bundan sonrakı məqsədimiz, terrorçuların hədəfində olan digər diplomatlarımıza, habelə erməni terrorçularının bugünkü fəaliyyətləri və həyatlarına, eləcə də ABŞ-da qətlə yetirilən 4 diplomatımızın xatirəsinə həsr edilmiş “Yerli və Qlobal Terrorizmi Qınama” layihəsini nümayəndələr Palatasında qəbul etdirmək olacaq.

Buradan sizin vasitənizlə diaspor sahəsində olan dostlarımıza bunları demək istəyirəm ki, həm virtual, həm də real meydanda birlikdə daha koordinasiyalı, daha planlı və daha akademik şəkildə, cəsarətlə çalışmalarımızı davam etdirək. Çünki mütləq müvəfəqiyyət edilməsi lazım olanı dayanmadan edənin, hədəfinə yolunu azmadan gedənin olacaq, tarixi siyasət naminə vasitəyə çevirənlərin yox.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər