30 İyul 2021 19:51
2 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa və ABŞ-ı fərqləndirmək lazımdır. Amerika burada suyu bulandırmır. ABŞ-ın diplomatları və rəsmiləri İrəvana gedəndə Bakıya da gəlirlər. Yəni Azərbaycanla da strateji əməkdaşlığa çalışırlar. Amma Fransa prezidenti birmənalı ermənipərəst mövqedən çıxış edir. Ermənistana da gedib, amma Azərbaycana gəlməyib, ermənipərəst açıqlamaları ilə yadda qalıb”.

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Üç gün əvvəl Türkiyənin bir sıra bölgələrində başlayan meşə yanğınları davam edir. Baş verənlər təxribat iddialarına yol açıb. Sizcə, bu, adi bir təbiət hadisəsidir, yoxsa tamam başqa məqamlara əsaslanır?

- Təsadüfə az oxşayır. Çünki keçən illərdə də Türkiyədə eyni vaxtda bir-iki yerdə meşə yanğınları olub. Bu dəfəki yanğınlar isə sahilboyu əraziləri, turizm bölgələrini əhatə edir. Yəni təsadüfə oxşamır. Videogörüntülər də yayılıb, oradan bəlli olur ki, PKK-ya bağlı qüvvələrin bu işdə əlləri var. Məqsədləri də cəmiyyət və ölkəyə gələn turistləri qorxutmaq, Türkiyənin gəlirlərini azlatmaqdır. Amma bunun üçün əziyyət çəkməyə dəyməz. Çünki Türkiyə böyük dövlətdir və bu cür təhlükələrin qarşısını həmişə alıb, indi də alacaq. Dediyim kimi baş verənlər təsadüfə oxşamır. Həmin ərazilər hədəfə alınıb ki, Türkiyə həmin bölgələrdə hər il böyük qazanclar götürür. Faktiki olaraq terrorçular da bu bölgələrə hücuma keçiblər.

- Baş nazir Nikol Paşinyanın KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi təklifinə sözügedən təşkilatdan rədd cavabı verildi. Paşinyanın bu təklifi və buna verilən cavabın məntiqli izahı nədir?

- Paşinyan bu təklifi ilə Rusiyanı aşağılamağa çalışır. Dünən Ermənistan hökumətinin iclasında onun iki fikri diqqətimi çəkdi. O, Rusiyaya iki mesaj verdi. Birincisi, o dedi ki, “İndi Bakıda ermənilərin məhkəməsi gedir, həmin hərbçilər Rusiya sülhməramlıların məsuliyyət zonasında ələ keçirilib”.

Sanki bununla Rusiyanı ittiham edir ki, sizin gözünüzün qabağında erməni hərbçilər əsir götürülür. Rusiya buna heç bir reaksiya vermədi.

İkinci mesajı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlıdır. Paşinyan bildirdi ki, “KTMT-nin monitorinq missiyası yaradılsın və sərhəddə yerləşdirilsin. Əgər bu mümkün deyilsə, o zaman ATƏT-in Minsk qrupu çərçivəsində belə bir monitorinq qrupu yaradılsın”.

Birincisi, KTMT-nin monitorinq aparmaq kimi bir təcrübəsi yoxdur. İkincisi, Paşinyan bununla Rusiyanı ittiham edir ki, əgər Ermənistanı müdafiə etməsə, onda Fransa və ABŞ-ı çağıracaqlar. Açıqlamanın məntiqi izahı budur: Paşinyanın hər iki mesajında Rusiyadan narazılıq var. Paşinyan bununla erməni cəmiyyətinə göstərmək istəyir ki, Rusiya Ermənistanı qorumayacaq, buna görə də ABŞ və Fransaya güvənmək lazımdır.

- Paşinyanın Rusiyadan uzaqlaşaraq ABŞ və Fransaya yaxınlaşması nə ilə nəticələnəcək?

- Bu, Ermənistanı daha böyük faciələrə aparacaq. Çünki ortada Ukrayna və Gürcüstan təcrübəsi var. Ukrayna Avropaya inteqrasiya hərəkatına başlayanda Rusiyanın onu necə cəzalandırdığını gördük: Krımı ilhaq etdi, Donbasda separatizmi qızışdırdı. Avropanın özü də Ukraynanı yarı yolda qoydu. Yəni Ukrayna nə Avropa İttifaqına, nə də NATO-ya üzv qəbul olundu. Ukraynanı qorumaq əvəzinə, Rusiya ilə üz-üzə qoydular. Ermənistanda da buna bənzər hadisələr baş verir. Ermənistan Ukraynadan fərqli olaraq, Rusiyadan daha çox asılıdır. Rusiyanın Ermənistanda hərbi bazaları var, İran və Türkiyə ilə sərhədlərini qoruyur, fabrik və zavodları Moskvanın əlindədir və s. Əgər Paşinyan düşünürsə ki, Rusiyadan qopub Fransa və ABŞ-la yaxınlaşmaq mümkün olacaq, bu baş tutmayacaq. Çünki bütün Ermənistan tamamilə Rusiyadan asılıdır.

Digər yandan, Fransa və ABŞ gəlib Ermənistanı Rusiyadan qorumayacaq, onu da yarı yolda qoyacaqlar. Amma hadisələr bu cür inkişaf edəcəksə, bu, bizim üçün daha faydalı olacaq. Yəni öz məqsədlərimizə daha tez çata bilərik.

- ABŞ Konqresində Azərbaycana hərbi yardımı kəsən layihə qəbul olundu. Bu, ermənipərəst konqresmenlərin təşəbbüsü ilə qəbul olunmuş adi bir layihədir, yoxsa ABŞ-ın başqa maraqlarına əsaslanan bir addımdır? Amerikalılar nə istəyirlər?

- Frenk Pallone və Bob Menendez kimi konqresmenlər ermənilərin lobbi fəaliyyətlərini həyata keçirirlər, erməni seçiciləri var. Erməni lobbisi erməni seçicilərinə göstərməlidirlər ki, onların maraqları uğrunda mübarizə aparırlar. Konqresin hansı qərarı qəbul etməsindən asılı olmayaraq, ABŞ-ın Azərbaycanla sıx əməkdaşlıq və tərəfdaşlıq əlaqələri var. Vaxtilə Azərbaycana qarşı “907-ci Düzəliş” qəbul etmişdilər. Həmin düzəliş hər il dondurulur. Buna baxmayaraq, Amerika Azərbaycana müəyyən qədər dəstək də verir, hərbi əməkdaşlıq edir. Bunun da Azərbaycanla ABŞ arasındakı strateji hərbi əməkdaşlığa mane olacağını düşünmürəm.

- Ümumiyyətlə, Fransa və ABŞ-ın bölgədə yenidən suyu bulandırmaq imkanları nə qədərdir?

- Bu məsələlərə yanaşmada Fransa və ABŞ-ı fərqləndirmək lazımdır. Amerika burada suyu bulandırmır. ABŞ-ın diplomatları və rəsmiləri İrəvana gedəndə, Bakıya da gəlirlər. Yəni Azərbaycanla da strateji əməkdaşlığa çalışırlar. Amma Fransa prezidenti birmənalı ermənipərəst mövqedən çıxış edir. Ermənistana da gedib, amma Azərbaycana gəlməyib, ermənipərəst açıqlamaları ilə yadda qalıb. İndi də Fransanın İrəvandakı səfiri bildirb ki, Ermənistan KTMT-dən çıxsa, guya Fransa onu qoruyacaq. Bu da saxta fikirdir. İnandırıcı deyil ki, Ermənistan KTMT-dən çıxacaq və Fransa qoşunları Azərbaycanla sərhədlərdə yerləşdiriləcək. Məsələni şişirdilər. Çünki buna Rusiya imkan verməyəcək. İkincisi, Fransa gəlib Ermənistanı qorumayacaq. Kimdən qoruyacaq? Fransa öz ordusunu burada yerləşdirsə, Azərbaycan və Türkiyəni qarşısında görəcək. Fransa onsuz da Azərbaycan və Türkiyə ilə münasibətləri korlayıb. Belə bir addım atmaq istəsə, vəziyyəti özü üçün bir qədər də mürəkkəbləşdirəcək.

Fransa yanlış siyasətini davam etdirir, bunun nəticəsində bölgənin əsas oyunçularını itirir. Faktiki olaraq, kiçik bir Ermənistana görə, Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyindən çıxış edir. Bir məsələ də var ki, Fransada hamı Makron kimi düşünmür. Məsələn, bu günlərdə Fransadan olan bir qrup deputat Azərbaycana gəldi, Ağdama getdilər. Yəni Fransada Azərbaycanla əməkdaşlığın dəyərini anlayanlar var. Amma nə qədər ki Makron Fransa prezidentidir, bu ölkənin Azərbaycanla münasibətləri normallaşmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər