“Həmsədrlərin sərhəddə baş verən insdentlərlə əlaqədar bəyanatı və onların vasitəçiliyi altında danışıqlar aparılmasına çağırış etməsi hüquqi və siyasi baxımdan yanlışdır”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Ermənistan-Azərbaycan sərhədi ətrafında gedən son proseslərə diqqət çəkib:
“ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginliklə bağlı verdiyi bəyanat böhranı dərinləşdirməyə xidmət edir. Həmsədrlərin 30 il həll edə bilmədiyi münaqişə artıq geridə qalıb, Azərbaycan ordusu bu məsələni özü həll etdi. Yəni, öz göbəyimizi özümüz kəsdik.
Bununla həmsədrlərin mandatı bitmiş hesab olunmalıdır. Qənaətimə görə, Azərbaycan tərəfi Minsk qrupundan rəsmən imtina etməlidir. Digər yandan, həmsədrlərin sərhəddə baş verən insdentlərlə əlaqədar bəyanatı və onların vasitəçiliyi altında danışıqlar aparılmasına çağırış etməsi hüquqi və siyasi baxımdan yanlışdır. Çünki onlara belə bir mandat verilməyib. Minsk qrupu Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul idi, indi də belə bir konflikt qalmayıb. Yəni, innən belə həmsədrlərin edə biləcəyi bir iş yoxdur.
Minsk qrupuna üzv üç dövlət təkidlə “Qarabağın statusu” məsələsini qabardırlar, bu yöndə danışıqların aparılmasına çağırışlar edirlər. Bunlar təxribatçı addımlardır, münaqişənin həll edilmədiyini göstərməyə xidmət edir. Ermənistanı da buna inandırırlar, nəticədə gərginliyin artmasına öz töhfələrini verirlər. Bu baxımdan, Ermənistan və Minsk qrupu həmsədrləri həmrəydir. Məqsədləri də, baş verənləri BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaqdır. Bu yöndə xüsusən də Fransanın canfəşanlığı diqqətdən yayınmır”.
Məsələnin BMT TŞ-ın müzakirəsinə çıxarılmasına gəldikdə, Məhəmməd Əsədullazadə hesab edir ki, burada ermənilərin və onların himayədarlarının xeyrinə qərarın verilməsi gözlənilən deyil:
“Təhlükəsizlik Şurasında Bakının Britaniya və Çin kimi dəstəkçiləri var. Heç indiki halda bölgədə qarşıdurmada maraqlı olmayan Rusiyanın da buna gedəcəyini düşünmürəm”.