8 Sentyabr 2021 20:56
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasınını sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri hansı mesajları verir?

- Bəzi məsələlər var ki, onu heç açıq dillə ifadə etməyin də bir mənası qalmır. Belə məsələlər özlüyündən görünür, konkret bir hərəkət sözlə ifadəyə yer qoymur. Əslində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə də bu konteksdən baxmaq lazımdır. Yəni biz birlikdə istənilən prosesdə hərəkət etməyə qadirik və bunu edəcəyik. Bu, həm də inamı göstərən bir məsələlərdir. Ona görə də, bu məsələdə bir narahatlıq, yaxud kiminsə təəccübünə səbəb olacaq detallar olmamalıdır. Əsas odur ki, Azərbaycan Türkiyənin müttəfiqidir. Eyni zamanda Azərbaycan öz ərazilərində istənilən addımı ata, müstəqil şəkildə qərar verə bilər.

- Laçın, Qaragöl ətrafındakı hərbi təlimlərdən qarşı tərəfin narahatlığı açıq müşahidə olunur...

- Qaragöl ətrafındakı təlimlərin məqsədi də odur ki, sərhədlərlə bağlı hər hansı bir özbaşınalıq etmək istəyən qüvvələr və eyni zamanda Ermənistana açıq mesaj verilib. Bu mesaj ondan ibarətdir ki, biz öz sərhədlərimizin qorunması istiqamətində ciddi addım atacağıq. Bizi müəyyən məsələlərdə tələsdirməyə çalışan, prosesləri irəli aparmaq üçün təxribatçı mövqe ortaya qoyan bir sıra siyasətbazlar elə fikirləşirlər ki, bəlkə Azərbaycan dövləti müəyyən məsələlərdə güzəştə getməklə hansısa mövqeləri uduzur. Xüsusilə də Qarabağda ermənilərin yaşaması və müəyyən addımlar atmasını, Laçın dəhlizinin verilməsini qınayıcı bir üslubda təqdim etməyə çalışırlar. Amma anlamaq istəmirlər ki, Azərbaycan dövləti 200 illik bir problemi ancaq mərhələli şəkildə həll edə bilər.

- Problemin mərhələli həll prosesi kənarda necə görünür?

- Mərhələli həllin bütün parametrləri gerçəkləşdirilir. Yəni hazırda keçirilən hərbi təlimlər də bunun bir işarəsidir. Ona görə də, bizi müəyyən dərəcədə tələsik, məcrasız siyasətə yönəltmək istəyənlər anlamalıdırlar ki, gələcəyimizlə bağlı yanlış mövqelər, səhv qərarlar hansı böyük problemlərin yaşanmasına gətirib çıxara bilər.

- Hazırkı addımlar bir manevr kimi də qiymətləndirilir…

- Bəli, bu cür manevr və göstəricilərlə düşmənə müəyyən mesajlarımızı da vermiş oluruq. Düşmən anlayır ki, hər hansı bir şəkildə Azərbaycana qarşı ərköyünlük keçərli olmayacaq. Bu dəfə daha ciddi reaksiyalar olacaq. Azərbaycan ciddi fiziki tətbiqlə qarşı tərəfi islah etməyə qadirdir. Bu məsələlər ona indekslənən, yönələn görüntülərdir.

- Hazırkı mərhəldə Ermənistanın silahlanması nəyə hesablanıb?

- Erməninin silahlanması onların dirçəlişi demək deyil. Bu, özünü müəyyən dərəcədə qorxudan sığortalamaq üçün edilir. Hətta kiçik bir dövlət belə hansısa bir təhlükə olanda ona qarşı müqavimət göstərməyi düşünür. Azərbaycanı Ermənistan özü üçün təhlükə hesab edir. Çünki biz öz gücümüzə torpağımızı azad etmişik. Digər tərəfdən Ermənistan dövlət olaraq türk anklavında olan bir ölkədir. O, hazırda türk zolağında mühasirədədir. Onlar da bunu yaxşı başa düşür. Demoqrafik vəziyyətləri də acınacaqlıdır, əhali sayı sürətlə azalır. Digər tərəfdə isə sürətlə çoxluğa sahib olan Azərbaycan var. Ölkəmizin insan potensialı Ermənistandan 10 dəfələrlə artıqdır. Söhbət indiki saydan getmir. Burada əsas məsələ bütövlükdə türk arealı məsələsidir. Bizdə ölənin yerini doldurmaq olur. Amma Ermənistanda bunu etmək mümkün deyil. Yeni bir erməni icad etmək olmur. Bu baxımdan Ermənistanın silahlanması özünü müdafiə etmək illüziyaları ilə bağlıdır.

- Hazırda Ermənistan üçün ən yaxşı seçim hansıdır?

- Bu ölkənin yeganə seçimi normal, sivil beynəlxalq qaydalara uyğun davranışı qəbul etməkdən ibarətdir. Bunu qəbul etmədikdə Ermənistanın hər zaman başı ağrıyacaq. Bundan sonra yüz dəfə silahlansa belə onu bu hallar mövcud durumdan xilas edə bilməyəcək.

- Ermənistana verilən silahların mənşəyi ilə bağlı da fərqli fikirlər var...

- Şübhəsiz ki, Ermənistana verilən silahların əhəmiyyəti ilə bağlı faktlar var. Rusiya bahalı silahını Ermənistana verəsi deyil. Onu satıb mənfəət əldə edə bilər. Köhnə silahlar Ermənistana verilir. Görüntü olaraq hər kəs də maşın və digər mexanizmləri görür. Amma bununla müasir silahların qarşısında durmaq mümkün deyil. Həmçinin Azərbaycan da yerində dayanmayıb. Ölkəmiz daha yeni texnologiyaya aid silahları əldə edir. Bunu da qiymətdən kənar qoymaq olmaz. Ona görə də, Ermənistanın silahlanması hansısa bir təbliğatdan o tərəfə işləməyəcək. Bu hal Ermənistanı düşdüyü problemdən xilas etməyəcək. II Qarabağ savaşında silah tutan adam tapmayıb yaşlı adamları atəş altına göndərirdilər.

- Ermənilər I Qarabağ müharibəsindəki eyforik durumdan qurtula bilmir?..

- 90-cı illərdə ermənilər keçmiş sovet ordusunun qalıqları ilə müəyən məsələləri həll etdilər. I Qarabağ savaşında da ermənilər öz gücləri ilə heç nə qazanmadılar. Keçmiş sovet ordusunun qalıqlarının arxasında gizlənərək nələrisə əldə etdilər. İşğaldan sonra ermənilər ancaq vəhşilik edə bildilər. Qalan məsələlər onlarlıq deyildi. Hazırda isə bölgədə fərqli bir durum yaşanır. Regionda yeni aktorlar var. Ona görə də, əvvəlki qaydada nəsə etmək çox çətindir. Rusiya da hazırda bölgədə iqtisadi maraqlarını daha çox qabardır. Azərbaycan da bu məsələdə Rusiya ilə münasibətləri daha geniş spektorda qurmağa münasib ölkə olduğuna görə, köhnə məsələlər hiss olunmur. Eyni zamanda bu məsələlər beynəlxalq prizmadan qiymətləndirilsə görünər ki, Ermənistanın silahlanması əslində izafi pul xərclənməsi kimi bir şeydir. Pulu daha yaxşı məsələlərə xərcləmək olar. Onlar Azərbaycanla münasibət qurmağa, Türkiyə ilə yol açmağa pul xərcləsələr, bundan daha xeyirli çıxa bilərlər. Bununla da Ermənistan iqtisadi böhrandan çıxmaq imkanı qazanar. Bundan başqa çıxış yolları da yoxdur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər