Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Ədalət Vəliyevin siyasi partiyalarla zum-konfrans formatında keçirdiyi görüş zamanı növbəti parlament seçkilərinin proporsional seçki sistemi əsasında keçirilməsini, o cümlədən Konstitusiyaya heç bir partiyaya topladığı səsdən asılı olmayaraq, Milli Məclisdə yerlərin 70%-dən artığını tutmağa icazə verilməməsinə və yenə də topladığı səsdən asılı olmayaraq, parlamentdə ən azı 3 siyasi pariyanın təmsil olunmasına dair müddəanın daxil edilməsini təklif etmisiniz. İstərdik fikirlərinizi bir az geniş formada əsaslandırasınız.
- Proporsional seçki sistemi oturuşmiş demokratik ənənələri olmayan ölkələrdə çoxpartiyalı sistemin inkişafının ən uğurlu formasıdır. Bu zaman ciddi siyasətdən uzaq şəxslərin bitərəflər kimi müxtəlif yollarla birmandatlı dairələrdən parlamentə düşməsinin qarşısı alınır, peşəkar səviyyədə siyasətlə məşğul olan, amma hələ özünü yaxşı tanıda bilməmiş gənc istedadların partiya siyahıları ilə parlamentə seçilməsi xeyli asanlaşır. Hazırda gənclər böyük mənada müxalif siyasi partiyalara üzv olmaqla hakimiyyətə gəlmək perspektivi görmədiyindən, həmçinin hakim siyasi partiya tərəfindən siyasi vəzifələrə daha çox peşəkar səviyyədə siyasətlə məşğul olmayanların təyinat aldığını müşahidə etdiklərindən, siyasətin bəzi murdar şəxslər tərəfindən çirkləndirildiyini görərək ondan uzaq durmağa çalışırlar. Bunun nəticəsidir ki, son illər siyasətdə gənclərin parlamasını müşahidə edə bilmirik. Məhz güclü çoxpartiyalı sistemin olmamasının səbəbidir ki, ictimai-siyasi həyatımıza çoxlu sayda şizofrenik, dələduz, elementar tərbiyəsi olmayan, düşünmə imkanları məhdud adamlar siyasətçi, bloger, jurnalist və s. adlar altında soxula bilib və bu proses davam edir. Artıq bir qisim insan siyasəti bir-birini daha ağır formada təhqir etmək, aşağılamaq və böhtan atmaq qabiliyyəti kimi başa düşməyə başlayıb.
Proporsional seçki sistemi imkan verəcək ki, digər Avropa ölkələrində olduğu kimi, bizdə də Milli Məclisdə müxalifət fraksiyaları olsun, hökumətin fəaliyyətinə daha effektli parlament nəzarəti təmin edilsin. Bu dəyişikliklər dərhal məhkəmə hakimiyyətinin də güclənməsinə yol açacaq. Bütün bunların nəticəsi olaraq iqtisadi və sosial sahədə ciddi islahatların yolu açılacaq, ölkəyə investisiya qoyuluşu artacaq, əhalinin sosial rifahı yüksələcək,onların hüquqları daha ciddi qorunacaq. Aparılacaq islahatlar güclü ordu quruculuğunu təmin edəcək, ölkənin beynəlxalq imicini yüksəldəcəkdir ki, bu da dövlətimizin qarşısında dayanan problemlərin həllini asanlaşdıracaq. Proporsional seçki sistemi eyni zamanda etnik və milli hisslərlə oynamaqla ayrı-ayrı birmandatlı seçki dairələrindən deputat seçilmək istəyənlərin qarşısını alacaq, etnik qrupların və azsaylı xalqların təmsilçilərinin siyasi partiyalarda təmsilçiliyini stimullaşdıracaq.
- Qüdrət bəy, görüşdə 18 oktyabrın dövlət müstəqilliyinin bərpa olunmasının 30 illiyi günü kimi Milli Məclisdə qeydiyyatdan keçmiş bütün siyasi partiyaların iştirakı ilə təntənəli qeyd olunmasını təklif etmisiniz. Bütövlükdə təkliflərə münasibət necə oldu?
- Görüşdə səsləndirilən bütün təkliflər qeyd olunurdu. Amma onların nəzərə alınıb-alınmaması ölkə rəhbərliyinin siyasi iradəsindən asılıdır. 1920-ci ilin 27-28 aprelində RSFSR -in 11-ci ordusunun Azərbaycanı işğal etməsinin nəticəsi olaraq Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun yerində formal-hüquqi baxımdan müstəqil Azərbaycan SSR yaradıldı və həmin respublika 30 dekabr 1922-ci il tarixində 13 dekabr 1922-ci ildə yaradılmış Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) yaradıcılarından biri kimi həmin Federasiyanın tərkibində RSFSR, Ukrayna və Belarusla birlikdə SSRİ-nin yaradılması haqqında “İttifaq Müqaviləsi”`imzaladı. SSRİ-nin 1936-cı il tarixli Konstitusiyasının qəbulu ilə ZSFSR-in fəaliyyətinə son qoyuldu, Azərbaycan SSR müstəqil dövlət kimi SSRi-nin tərkibinə daxil oldu. SSRİ-nin yaradılması haqqında 30 dekabr 1922-ci il “İttifaq Müqaviləsi” də daxil olmaqla, SSRİ-nin bütün konstitusiyalarında müttəfiq respublikaların istədiyi vaxt SSRİ-ni tərk etməsi hüququ qorunub saxlanıldı. Hətta SSRİ-nin beynəlxalq hüququn subyekti olmasına baxmayaraq, onun tərkibində olan Ukrayna SSR və Belarus SSR də BMT-nin üzvü idi. Bunu ona görə qeyd edirəm ki, formal-hüquqi baxımdan müttəfiq respublikalar müstəqil dövlətlər olsalar da, SSRİ-də kommunist partiyasının yaratdığı ciddi mərkəzləşmiş totalitar bir rejim var idi, real həyatda ittifaq respublikalarının hər hansı müstəqilliyindən söhbət gedə bilməzdi. Dövlət həyatı ilə əlaqədar bütün ciddi qərarlar Kremldə qəbul olunurdu. Amma formal-hüquqi baxımdan Azərbaycan SSR bir dövlət kimi mövcud olduğundan onun Ali Sovetinin (parlamentinin) 18 oktyabr 1991-ci il tarixdə qəbul etdiyi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında” Konstitusiya aktı legitim idi. Hüquqi baxımdan, mahiyyət etibarı ilə həmin akt SSRİ-nin tərkibindən çıxmaq barədə Konstitusiya qanunudur. SSRİ-ni təşkil edən digər respublikalarda da bizdən öncə qəbul edilmiş oxşar qərarların qəbulu və 8 dekabr 1991-ci ildə RSFSR, Ukrayna və Belarusun Belovejskdə imzaladıqları Bəyannamə ilə SSRİ-nin varlığına son qoyuldu, Müstəqil Dövlətlər Birliyi yaradıldı və 25 dekabr 1991-ci ilə Kremlin üzərindən SSRİ bayrağı endirildi və həmin yerdə RSFSR-in bayrağı ucaldıldı. Bundan sonra Azərbaycan real müstəqillik qazandı və Azərbaycan SSR-in sərhədləri çərçivəsində 1992-cil ilin 2 martında BMT-yə üzv qəbul olundu. İttifaq respublikalarının müstəqilliyi həmin respublikaların çoxsaylı vətəndaşlarının qanı bahasına əldə edilmişdir. Ona görə xalqımızın və dövlətimizin həyatında xüsusi yeri olan Müstəqillik Aktının qəbul olunduğu vaxtdan 30 il keçməsi xüsusi təntənə ilə qeyd edilməli, Milli Məclisin bayram sesiyası çağrılmalı, həmin qərarın qəbuluna səs vermiş sabiq deputatlar, qeydiyyatdan keçmiş siyasi partiyalar həmin iclasa dəvət olunmalıdırlar. Pandemiyanın imkan verdiyi çərçivədə çoxsaylı bayram tədbirləri keçirilməlidir.
- İran avtomobillərinin Qarabağdakı separatçı rejimə yük daşımasına da münasibətinizi bilmək istərdik...
- Bizim İranla dostluq səylərimizə baxmayaraq, İrandakı fars rejiminin Azərbaycana və azərbaycanlılara (türklərə) münasibəti təəssüf ki, dəyişmir. İran düşmən elan etdiyi İsrailə öz ərazisindən yük daşınmasına yəqin ki, imkan verməz. Eyni işi Azərbaycan da görməlidir. Ermənistanla sülh müqaviləsi imzalanmadığı və Ermənistan tərəfindən bizim ərazi bütövlüyümüz tanınmadığı üçün həmin ölkə bizə düşmən dövlət olaraq qalır. Ona görə də Qubadlıdan İran maşınlarının Ermənistana keçidinə və yük daşımasına icazə verilməməlidir. Diplomatik kanallarla İranın diqqətinə çatdırılmalıdır ki, onun birbaşa və dolayısı yolla Azərbaycanda etnik separatizmi dəstəkləməsi 30 milyon azərbaycanlı türkün və çoxlu digər millətlərin yaşadığı İranın ərazi bütövlüyünə və həmin ölkədə siyasi sabitliyə yaxşı heç nə vəd etmir.