“İnanıram ki, əsəblərimizə hakim olmalıyıq, dövlət maraqlarımıza əsaslanan gündəmimizi irəli aparmalıyıq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubenyan ölkəsi ilə Azərbaycan arasındakı sülh prosesinin başlanmasından danışarkən deyib.
Bu kontekstdə o, kiçik müsbət addımlara belə əhəmiyyət verməyə çalışdıqlarını deyib.
Rubinyan iki ölkə arasında sülhün bərqərar olması üçün müəyyən imkanların olduğunu istisna etməyib.
Vitse-spiker bir neçə gün əvvəl iki Ermənistan vətəndaşının yolu azaraq Azərbaycan tərəfinə keçməsi haqda da danışıb: “Gün yarım sonra Azərbaycan onları geri qaytardı, üstəlik, öz ifadələrinə görə, Azərbaycanda olduqları müddətdə onlara pis münasibət göstərilməyib. Bu cür addımlar sülh gündəmində irəliləmək üçün imkanlar yaradır”.
Qeyd edək ki, sentyabrın 19-da Gorus-Qafan yolu ilə hərəkət edərkən iki Ermənistan vətəndaşının magistral yoldan çıxaraq Azərbaycan tərəfinə keçməsi haqda məlumat yayılıb. Təxminən iki gün sonra həmin şəxslər Azərbaycan tərəfindən geri qaytarılıb.