13 Noyabr 2021 14:37
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, bu gün erməni terrorçu Şuşada Azərbaycan hərbçilərinin olduğu posta qumbara atıb. Hazırda bölgədəki vəziyyət necə analiz edilməli və hansı şəkildə cavab verilməlidir?

- Terrorun bir adı var. İnsanları öldürmək, cəmiyyətdə xaos və gərginlik yaratmaq. Onun nə üçün və kim tərəfindən edilməsinin isə heç bir əhəmiyyəti yoxdur. Əgər bu gün Ermənistanda sosial şəbəkələrdə terrorçunu “qəhrəman” kimi qələmə verirlərsə, deməli bu cəmiyyətin psixoloji problemi var. Artıq bu terroru həyata keçirən şəxs saxlanılıb. Ona qarşı da ən sərt tədbirlər görüləcək. Digər bir yandan bu onu göstərir ki, biz ərazi bütövlüyümüz, suveren hüquqlarımızı qorumaq uğrunda bundan da qətiyyətli olmalıyıq. Artıq ilk dəfə deyil ki, Ermənistan tərəfindən həm rəsmi, həm də ayrı-ayrı şəxslər tərəfindən qanunsuz hərəkətlər törədilir. Amma bütün bunların cavabı verilib və bundan sonra da veriləcək.

- Qarşı tərəfi buna təşviq edən səbəblər nələrdir?

- Ermənistan hesab etməsin ki, onlara qarşı hər hansı bir güzəşt olacaq. Yaxud da ki yenə də, rus sülhməramlılarının xahişi ilə kimlərsə, qısa zamanda geri qaytarılacaq. Hər kəs bilməlidir ki, bu cür “hallara” qarşı Azərbaycan tərəfindən ən sərt tədbirlər görüləcək. Ona görə də erməni tərəfi artıq bu cür davranışlara son qoymalıdır. Qarşı tərəf bilməlidir ki, Azərbaycanın səbri tükənməz deyil. Öz ərazimizdə bizə edilən istənilən qanunsuz hərəkətə qarşı ən sərt addımlar atılacaq.

- Türk Şurası artıq yeni bir platformada gündəmə gəlib. Bunu yeni bir güc və strategiya mərkəzi kimi dəyərləndirmək nə dərəcədə məntiqlidir?

- Türk dövlətləri təşkilatı atıq ciddi bir faktora çevrilib. Bu yeganə təşkilatdır ki, etnik zəmində qurulsa da, bütün dünya üçün açıqdır. Məqsədi üzv olan ölkələrin həmrəyliyinə, qarşılıqlı dəstəyinə, eyni zamanda qlobal məsələlərdə vahid bir platformanın hazırlanmasıdır. Təşkilat qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirir. Qardaş Türkiyədə keçirilən Türk dövlət başçılarının mühüm Zirvə görüşündə Azərbaycan Prezidentinə Ali Ordenin təqdim edilməsi dövlət başçısının özünün qeyd etdiyi kimi Azərbaycana verilən yüksək qiymətdir. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi uğrunda mübarizəsinə Türk dünyasının ən yüksək qiymətdir. Artıq bütün Türk dövlətləri vahid bir təşkilatda birləşib. Onların məramları, istəkləri birdir. Bu birlik hər hansı bir təşkilata və yaxud da ki mərkəzə qarşı yönəlməyib. Ötəngünkü müzakirələr bir daha göstərdi ki, Türk dünyası mənəvi birliyə, həmrəyliyə, dünyada inkişafa və firavanlığa öz töhvəsini verən dövlətlər qrupudur. Azərbaycan Prezidentinə yüksək mükafatın verilməsi isə bir daha göstərdi ki, Türk dövlətləri bir-biri ilə daha çox həmrəydir. Bu da çox sevindirici bir haldır.

- Baydenin demokratik dövlətlərlə bağlı çıxışı dünyada gündəm olub. Baydenin bu fikirləri nəyə hesablanıb?

- Demokratiya hansısa bir ölkənin yanaşması ilə ölçülmür. Digər tərəfdən dünyanı yenidən subyektiv fikirlərə görə təsnifata bölməyin özü çox qüsurludur. Demokratiya eksport edilmir. ABŞ uzun illər Liviyada, İraqda, Əfqanıstanda “demokratiya prinsiplərini” təbliğ etdi. Amma onun nəticəsi bu gün göz önündədir. Ona görə də göründüyü kimi demokratiya hər bir ölkənin özünün tələbatıdır. Hər bir ölkə özünəməxsus metodlarla uzun və gərgin yol qət edərək buna nail ola bilər. Məhz bu səbəbdən də ABŞ-ın təşkilatçılığı ilə “demokratiya sammiti” adı altında belə bir tədbirin keçirilməsinin mənası elə də anlaşılan deyil. Çünki ölkələrə bu gün koronavirus pandemiyasına qarşı mübarizədə dəstək lazımdır. Dünyanın müxtəlif bölgələrində insanlar aclıq çəkir, onların suya olan tələbatları qaşılanmır. İnsanlar terrorla üz-üzədir. Bu cür zəruri problemlər həll edilməlidir. Ona görə də növbəti bir “yürüş” təşkil etmək ölkələri məlum olmayan səbəblərdən “siyahısını” tutmaq heç də dünyaya birlik və inkişaf meyilləri gətirməyəcək. Eyni zamanda kimin bizi hansısa bir siyahıda görməsindən asılı olmayaraq Azərbaycan demokratiyanı və insan hüquqlarını özünün inkişaf prinsipləri seçib. Bu istiqamətdə işlər görülür. Bu gün ölkəmizdə azad mətbuat mövcuddur. Senzura yoxdur. Ölkəyə giriş-çıxış azaddır. İnsanlar fərqli fikirlərini ortaya qoya bilir. Azərbaycanlılar xarici ölkələrə investisiya yatıra bilir. Eyni zamanda xarici investorlar Azərbaycana investisiya yatırır və onların mülkiyyəti qorunur. Yəni, bu baxımdan Azərbaycan üçün belə bir “tədbirə” dəvət edilib-edilməməyin əhəmiyyəti də yoxdur.


Müəllif: Tapdıq Qurbanlı