“Kremlin rusiyalı hərbçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirməsi planı obyektiv səbəbdən olmayıb və indi də yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:
“Ermənistanın baş naziri Nikol Paşinyan istəyir ki, Rusiya hərbçiləri Qarabağda olduqları kimi Ermənistan-Azərbaycan sərhədində də yerləşsinlər. Paşinyan elə buna görə dünən Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bundan başqa Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarlarıyla telefon danışıqları olub. Nəticədə atəşkəs elan olunub. Ancaq bu, müvəqqətidir. Çünki Paşinyan sərhədin müəyyənləşməsiylə bağlı Bakı ilə danışıqlardan qaçırsa, Azərbaycan ordusunun sərhədin strateji nöqtələrində möhkəmlənməsindən başqa alternativi yoxdur.
Kreml bu vəziyyətdə nə edəcək? Putin rusiyalı hərbçiləri Qarabağa göndərdiyi kimi Ermənistan-Azərbaycan sərhədinə də göndərə bilərmi?
Kremlin rusiyalı hərbçiləri Qarabağa göndərmək planı İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən mövcud idi. Ancaq Kremlin rusiyalı hərbçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirməsi planı obyektiv səbəbdən olmayıb və indi də yoxdur.
Obyektiv səbəbdən ona görə ki, Rusiya üçün Azərbaycan-Ermənistan sərhədi qeyri-müəyyəndir, rusiyalı hərbçilər gəlib sərhədin hansı hissəsində yerləşəcəklər? Misal üçün Azərbaycan sərhədçiləri Qaragölə nəzarət edirlər, Emənistan isə iddia edir ki, guya gölün böyük hissəsi onlara aiddir. Bu halda Rusiya hərbçiləri gölün hansı hissəsində yerləşəcəklər?
Rusiyalı hərbçilər gölün kənarında yerləsşələr bu Ermənistanı narazı salacaq. Çünki bu o demək olacaq ki, Rusiya Qaragölün Azərbaycana aid olduğunu qəbul edib. Yox, gəlib gölün ətrafından azərbaycanlı sərhədçiləri sıxışdırmağa çalışsalar, bu Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Bu baxımdan indiki şərtlər altında Kreml nə Azərbaycanı, nə də Ermənistanı qıcıqlandırmaq istəyir”.
Elxan Şahinoğlu bildirib ki, atəşkəsi qorumaq istəyən Kremlin yeganə alternativi iki ölkə arasında sərhədin delimitasiyasına və demarkasiyasına başlamaq üçün Paşinyanı zorla masaya oturtmaqdır: “Yalnız bu halda sərhəddə gərginlik azalacaq və danışıqlar prosesi başlayacaq. Əks halda lokal toqquşmalar davam edəcək”.