26 Noyabr 2021 12:40
2 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Soçidə baş tutacaq görüş önəmlidir, Putinin Brüssel görüşündən öncə danışıqları təşkil etmək cəhdi anlaşılandır. Moskva nə Azərbaycana, nə də Ermənistana güvənir, düşünür ki, hər iki ölkə Kremldən kənar hansısa sənəd imzalaya bilər və bu da Rusiyanın tək, əsas moderator olması funksiyasını zədələyə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

O, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə keçiriləcək görüşündə bir sıra sənədlərin imzalana biləcəyini qeyd edib:

“Bu gün böyük sülh sazişi imzalanmayacaq, amma çox güman, iki ayrı sənəd, və ya bir sənəddə 2 ayrı bənd imzalana bilər. Birincisi, kommunikasiyaların açılması ilə bağlı ümumi razılığın əldə olunması mümkündür. Söhbət təkcə Zəngəzur dəhlizindən getmir, ümumiyyətlə Azərbaycanla Ermənistan arasında yolların açılması ilə bağlı niyyət bəyanı olacaq. Rusiya Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Çünki Rusiyanın Ermənistanla yeganə quru yolu Gürcüstandan keçir, yollar isə köhnədir, hava durumundan (noyabrdan marta qədər zaman-zaman qar və buza görə tez-tez qapanır) və Moskva ilə Tiflis arasındakı münasibətlərin gərginliyindən asılıdır. Yollar açılsa, Rusiya Azərbaycan üzərindən Ermənistana rahat və ucuz dəmir yolu və avtomobil yolu açılacaq.

İkinci sənəd sərhədlərin dəqiqləşdirilməsinin başlanması haqqında niyyət bəyanı ola bilər. Moskvanın moderatorluğu ilə sırf sərhəd məsələlərinin həllinə dair üçtərəfli komissiyanın qurulması elan edilə bilər.

Ermənistan Zəngəzur yoluna “dəhliz” deyilməsinin, özəl status verilməsinin əleyhinədir, amma yolların açılması istəyir”.

Natiq Cəfərli bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır:

“Bu bizim strateji maraqlarımız çərçivəsindədir, amma əgər Zəngəzur yolu ilə bağlı satus olmaycaqsa, “Laçın dəhlizi” anlayışı birdəfəlik siyasi leksikondan və praktikadan çıxarılmalı, Laçın yolunun girişində Azərbaycanın sərhəd-keçid və gömrük məntəqəsi yaradılmalıdır. Rəsmi Bakı bu məsələdə israr etməyi bacarmalıdır.

Rusiya üçün isə həmin yolun necə adlandırılmasının o qədər də əhəmiyyəti yoxdur. Bütün yola zatən Rusiya nəzarət edəcək. Beləliklə, ağır, qəliz, çoxyönümlü diplomatik və siyasi qərarlar dönəmi başlayır”.

Partiya rəsmisi vurğulayıb ki, biz birdəfəlik böyük sülh sazişinin bağlanmasında maraqlıyıq, bütün məsələlərin, o cümlədən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə inteqrasiyasının başlanması ilə bağlı müddəaların da yer alacağı böyük saziş bizim marağımıza tam uyğundur:

“Addım-addım bu yöndə - böyük sülh sazişi yolunda irəliləməliyik.

Soçidən sonra Brüsseldə baş tutacaq görüşdə xalqlar və icmalararası dialoq məsələsi önə çıxmalı, Azərbaycan Avropa Birliyi ilə yeni saziş imzalamalıdır ki, Rusiyanın təkbaşına moderator olması basqısını mümkün qədər neytrallaşdıra bilək. Ermənistan da Moskvanın təkbaşına moderator olmasından məmnun deyil, nə qədər qəribə səslənsə də, bu məsələdə İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər