“Azərbaycan Qarabağda qələbə çalandan sonra müharibəni dayandırmaq və arada barış yaratmaq missiyasını ruslar öz öhdəsinə götürdü. Bu sahədə müəyyən addımlar atılıb, uğurlar da olub. Bir ildir ki, bu proses gedir. Üçtərəfli razılaşmalar maddələr üzrə tam yerinə yetirilməsə də, müharibə dayanıb və baş nazirlərin müavinləri səviyyəsində müzakirələr aparılır, vədlər verilir və işlər davam edir”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
O əlavə edib ki, ATƏT, Avropa Birliyi və Minsk qrupu bu reallıqla barışmaq istəmir:
“Onlar 30 ildə inanmışdılar ki, bu məsələ yalnız ATƏT vasitəsi və sülh yolu ilə həll olunmalıdır. Bu söhbəti uzadırdılar. Amma Azərbaycan Ordusu 44 günlük hücumla məsələni həll etdi. Rusiya da reallığı anladı, Qarabağda qalan ermənilərin oradan çıxarılmasının qarşısını almaq, Ermənistanın Azərbaycan ərazilərinə uzanan sonuncu əlini oradan qoparmağa imkan vermədi. Amma ATƏT, Avropa İttifaqı bununla barışmaq istəmir”.
S.Rüstəmxanlı qeyd edib ki, Qarabağ probleminin həll resurslarının tam olaraq Rusiyanın əlinə keçməsi Avropanı ciddi narahat edir: “Özəlliklə Fransanı... Elə Brüssel də Parisin bir tayıdır. O cümlədən Hollandiya da narahatdır. Bunlar bizim Qarabağ məsələsində bir-birinə pas ötürən ölkələrdir.
Zənnimcə, Moskvada noyabrın 10-da planlaşdırılan görüş Avropanın diktəsi ilə baş tutmadı. Amma Moskva yenə öz sözünü dedi, Brüssel görüşü ərəfəsində Soçidə üçtərəfli görüş təşkil etdi. Beləcə Minsk qrupunun ümidlərini bağladığı Brüssel görüşü keçirilsə də, əslində formal xarakter daşıyacaq. Yəni Brüssel görüşü xüsusi fərqlənməyəcək və Soçi görüşü əslində Avropanın ümidlərinin yarısını alt-üst edib”.