26 Yanvar 2022 16:00
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla bağlı heç bir dövlətçilik əsaslarından danışmaq olmaz. Bu ölkəyə son iki günə qədər rəhbərlik etmiş Armen Sərkisyanın özünün və ailə üzvlərinin Ermənistan vətəndaşlığı məsələsi gündəmə gəlib. Baş nazir Nikol Paşinyan isə özünə sadiq adamları müəyyən postlara yerləşdirməkdə qərarlı görünür. A.Sərkisyanın gözlənilməz istefası da bu səbəbdən izah oluna bilər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, son seçkilərdə erməni cəmiyyətinin N.Paşinyana dəstək olması heç də ona olan rəğbətdən qaynaqlanmırdı: “Erməni cəmiyyəti müharibə istəmədiyinə görə belə qərar verdi. Çünki N.Paşinyan da sabit reputasiyaya malik deyil. O hər gün bir qərar verib, sonra dediklərini təkzib edən adamdır”.

Millət vəkilinə görə, N.Paşinyanın dəyişkən xarakteri bir çox hallarda Ermənistan üçün əlavə problemlər yaradır: “O əgər Azərbaycanla sülh bağlamağa hazır olduğunu iddia edirsə, öhdəlikləri icra etsin. Bu baxımdan Paşinyanın özü də sülh tərəfdarı kimi qəbul edilməməlidir. 10 noyabr 2020-ci ildə əldə edilən bəyanatdan sonra o, üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmağa çalışır. Vaxtaşırı təxribatlar baş verir. Separatçılara Ermənistandan müxtəlif yollarla yardım olunur”.

Elman Məmmədov hesab edir ki, Paşinyanın əlində imkanı olsa, müharibə ritorikasından əl çəkməz: “Bu baxımdan onun sülhlə bağlı səsləndirdiyi açıqlamalara sona kimi inanmaq olmaz. Əgər o doğurdan da Azərbaycanla sülhə hazır olduğunu bəyan etmək niyyətindədirsə, öncə öhdəliklərə əməl etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər