“Ehtimal olunur ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 20-dən sonra Ankaraya səfər edəcək. Aydındır ki, Türkiyə ilə Rusiya arasında əməkdaşlıq atmosferi var, tərəflər arasında daim görüşlər keçirilir, müzakirələr aparılır. Artıq Kreml Prezident Ərdoğanın dəvət təklifini qəbul edib və bu baş verəcək. İndidən müəyyən etmək olar ki, Ankarada Putin və Ərdoğanın müzakirə edəcəyi xeyli məsələlər olacaq”.
Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.
Oqtay Qasımova görə, Ərdoğan və Putin arasında ilk olaraq iki ölkə arasında iqtisadi-ticarət münasibətləri müzakirə ediləcək: “Həmçinin enerji sektorunda əməkdaşlıq məsələləri də diqqətə alınacaq. Türkiyədə nüvə atom elektrik stansiyasılarının tikintisinə dair əməkdaşlıq mövcuddur və bu layihəlr həyata keçirilir. Eyni zamanda Türkiyə və Rusiya arasında müəyyən hərbi əməkdaşlıq var. Bu konkret olaraq Rusiyanın istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinə dair məsələni əhatə edir. Ola bilsin ki, bu məsələ daxil olmaqla bütövlükdəTürkiyə-Rusiya əlaqələri və perspektivləri müzakirə ediləcək. Putin və Ərdoğanın son görüşlərinin birində ticarət dövriyyəsinin 100 milyarda çatdırılması haqda ümumi razılaşma əldə edilib”.
Politoloq qeyd edib ki, Ankarada baş tutması gözlənilən Ərdoğan-Putin görüşündə Rusiya-Ukrayna gərginliyi də diqqətə alınacaq.
Onun sözlərinə görə, bu istiqamətdə mövcud gərginliyin azaldılması üçün Ankaranın müəyyən təşəbbüsləri var: “Türkiyə Qara dənizi sahilində yerləşir, region ölkəsi sayılır və müharibənin olmasında maraqlı deyil. Üstəlik real təşəbbüslər və vasitəçilik missiyası təqdim edir. Ehtimal olunur ki, gərginliyin azaldılması üçün tərəflər fikir alış-verişi edəcək”.
Siyasi şərhçi onu da xatırladıb ki, müzakirə ediləcək məsələlərdən biri də Cənubi Qafqaz ətrafında olacaq: “O cümlədən, Qarabağda olan Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyəti, Rusiyanın bölgədəki hərbi kontingentinin fəaliyyəti diqqətə alınacaq”.