Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Görüşdə Ş.Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilən birgə görüşün əhəmiyyətindən bəhs edilib. Həmçinin iki ölkə ararsında Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb. Bu xüsusda, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu da gündəlikdə olub. Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyasının qısa zamanda həllinin vacibliyi vurğulanıb. Yekun sülh sazişi üzrə danışıqların başlanması kimi konkret məsələlər müzakirə edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, bu görüşdə də Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb: “Müzakirələr zamanı I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması məsələləri diqqətə çatdırılıb. Eyni zamanda kommunikasiya xətlərinin, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsi xüsusi olaraq vurğulanıb. Azərbaycan Prezidenti I Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-i qadın və 326-ı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini faktini bir daha önə çəkib. Qeyd olunub ki, Vətən müharibəsinin başa çatmasından sonra mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb”.
Millət vəkili görüşdə həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunduğunu və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq əldə edildiyini söyləyib:
“Üçtərəfli görüş barədə əldə edilən sənəddə Minsk qrupuna istinad yoxdur. Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq burada da Minsk qrupuna yer verilməyib. Eyni zamanda sənəddə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə belə əksini tapmayıb. Bu isə Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsi hesab edilir. Fransa da ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq bu reallığı qəbul edir. Çünki Fransa bu tədbirə həmsədr kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edib”.
Cavid Osmanova görə, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir:
“Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məsələləri dayanır: ŞərhƏrazilərin minalardan təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər də burada əks olunub. Kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması bu gün gündəlikdə dayanan prioritet kimi qəbul edilib”.