“Əslində Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistan tərəfindən səsləndirilən fikirlər Rusiyanın fikirləridir. Ermənilər kimdir, burada əsas rolu oynayan Rusiyadır”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədri deyib ki, bizə 1918 və ya 1920-ci illərin xəritəsi əsasında sərhədlərin müəyyən edilməsi lazımdır.
Onun sözlərinə görə, Azərbaycan SSRİ-nin tərkibinə hansı ərazilərlə daxil olubsa, həmin ərazilərlə də çıxmalıdır:
“Rusiya Prezidenti Vladimir Putin də bir müddət əvvəl belə prinsipdən çıxış etmişdi. Dedi ki, hansı xalq SSRİ-nin tərkibinə hansı sərhədlərlə daxil olubsa, həmin sərhədlərlə də çıxmalıdır. Azərbaycan dövlətinin maraqları bizim 1920-ci il xəritəsinə istinad etməsidir. Hələ bir qədər də irəli gedərək Türkmənçay müqaviləsində əvvəlki xəritəni tələb edə bilərik”.
Sərdar Cəlaloğlu bildirib ki, amma indi şərtlər daxilində ən münasib yanaşma 1920-ci il xəritəsidir:
“Əgər Putin prinsip olaraq ölkələrin SSRİ-yə daxil olması zamanı hansı ərazilərlə daxil olmasını şərt kimi qoyursa, biz də sovet ittifaqına hansı ərazilərlə daxil olmuşuqsa, həmin ərazilərlə də çıxmalıyıq. Mən demirəm ki, bunun üçün məsələ qaldırmalı, zəmin yaratmalıyıq. Çünki belə bir zəmini Putin yaradıb. Məsələn, Krımı işğal ediləndə Putin açıq bəyan etdi ki, kim SSRİ tərkibinə hansı torpaqla daxil olubsa, o torpaqla da çıxmalıdır. Biz də Putinin prinsipinə hörmət edərək deyirik ki, Azərbaycan 1920-ci ildə 114 min kvadratkilometr ərazisi olub, indi 86,6 min kvadratkilometrdir. Yerdə qalanlar da bizə verilməlidir. Çünki çoxu SSRİ zamanı Ermənistana və digərlərinə verilib. Bu qədər sadə və net”.