14 Fevral 2022 10:33
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dinamik inkişaf edən iqtisadiyyata malik ölkədir. Dünyanın bir çox ölkələrində pandemiyanın mənfi fəsadları milli iqtisadiyyatlara zərər vurur. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan düşünülmüş uğurlu siyasət sayəsində vaxtında qabaqlayıcı addımların atılması bu gün öz uğurlu nəticələrini göstərməkdədir. Belə ki, 2021-ci ili uğurlu iqtisadi göstəricilərlə başa vurmağımız iqtisadi planlamalarımızın doğru olduğunu təsdiq edir. Əgər 2020-ci ildə ölkə iqtisadiyyatında 4,3 faiz tənəzül qeydə alınmışdısa, 2021-ci ildə bu tənəzül aradan qaldırıldı. Ötən ili ölkəmizdə 5% iqtisadi artım müşahidə edildi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, ötən müddət ərzində ölkəmizdə ən çox iqtisadi artım qeyri-neft sektorunda müşahidə edilib:

“Bu artımın 20%-ə yaxın olması qeyri-neft sektorunun şaxələndirilməsinin nəticəsi hesab olunur. Bu ilin ilk ayının göstəriciləri müsbətdir. Dünya ölkələrində ilin birinci ayının göstəriciləri heç də müsbət amillər üzərində formalaşmır”.

Millət vəkili işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə davam etdiyinə diqqət çəkib:

“Regionların inkişafı və yeni müəsisələrin istismara verilməsi iqtisadi gücümüzü artırır. 385 meqavat gücündə olan Qobu elektrik stansiyasının işə düşməsi enerji istehsalının əhəmiyyətli dərəcədə artımına mühüm töhfə olacaq. “Ağılı kənd” layihələrinin uğurlu icrası qarşıya qoyulan məqsədlərin əhəmiyyətindən xəbər verir. Digər regionlarda da yeni müəsisələr yaradılır ki, bu da ölkəmizin iqtisadi gücünü artıran amillər sırasındadır. Perspektivdə planlaşdırılan yeni layihələr istehsal həcminin artmasına öz müsbət təsirini göstərəcək. Bu, işsizliyin aradan qaldırılmasına, daxili təlabatın ödənməsinə və ixrac potensialının formalaşmasına hesablanıb”.


Müəllif: Tapdıq Qurbanlı