Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda sülh arxitekturasının təminatı haqqında nə demək olar?
- Geopolitik dəyişikliklərin olması gözlənilir. İqtisadi böhran o şəraiti yaradacaq ki, aparıcı dövlətlərin təsiri, nüfuzu azalacaq. Bu, kənarda olan siyasi layihələrə də təsir edəcək. Ermənistanda olan hərbi baza, Suriyada olan hərbi əməliyyatlara diqqət və imkanlar azalacaq. Ermənistanı da bu narahat edir. Bunu yaxşı başa düşürlər. Bilirlər ki, Rusiyanı o bölgədə əvəzləyən qüvvələr, yəni Qərb dərhal bura gəlməyəcək. Bu baxımdan Ermənistan üçün təhlükəli bir dövr yaxınlaşır. Çünki erməniləri daima himayə edən Rusiya zəifləyəcək.
- Paşinyanın "Azərbaycanla sülh müqaviləsi üzərində işləyirik", - bəyanatı sizcə, necə analiz edilməlidir?
- Real vəziyyətə görə, Ermənistan tərəfindən belə bəyanatlar səslənir. Düşünürlər ki, bununla hansısa bir siyasi proseslər gedə bilər. Amma bu sülh müqaviləsi üzərində gedəcək iş və onun imzalanması, eyni zamanda buna riayət olunması demək deyil. Gözləməliyik. Onlar sadəcə olaraq bu məsələlərdə bu və ya digər şəkildə vaxt uzatmaq üçün də imkan qazana bilər.
- Putinlə Paşinyanın son telefon danışığından sonra səslənən sülh mesajı arasında bağlılıq axtarmaq nə dərəcədə məntiqlidir?
- Buna o qədər də inanmaq olmaz. Putinin zənginin əsas məqsədi başqa məntiqə yönəlib. O MDB ölkələrinin beynəlxalq təzyiqlərə qarşı təzyiq mexanizmlərinə görə narahatdır. BMT-də və digər təşkilatlarda Rusiyaya qarşı irəli sürülən bəyanatlara qarşı səsvermədə dəstək məsələsi var. Hər halda məntiq onu göstərir. Bu istiqamətdə xahişlər olmalı idi. Çünki Rusiyanın bu məsələlərlə məşğul olmağa o qədər imkanı yoxdur.
- ABŞ-Rusiya, Çin-ABŞ qarşıdurması və kəsişən maraqları fonunda Zəngəzur dəhlizi ilə bağlı gedişatı necə qiymətləndirirsiniz?
- Zəngəzur dəhlizinin və bununla yanaşı digər kommunikasiyaların açılması ilə bağlı əngəllərin olacağı gözlənilmir. Çünki siyasi gedişlər onu göstərir ki, İrana qarşı olan sanksiyalar artıq qismən də olsa azalacaq. Çin isə hazırkı məqamda belə Rusiyanı dəstəkləməyə tələsmir. Başa düşürlər ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar Çin iqtisadiyyatı üçün əlverişli mühit yaradar. Bu baxımdan kommunikasiyaların bərpasını istəməyən tərəflər o qədər də aktiv olmayacaq.
- Belə görünür, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların bərpa vaxtı yaxınlaşır...
- Artıq kommunikasiya məsələləri həll edilmiş kimidir. Çünki bu məsələdə siyasi iradə var. Sadəcə olaraq orada praktiki işlər tamamlanmalıdır. Bunun nəticəsindən asılı olaraq kommunikasiyaların açılması mümkündür.