Sanksiyalar Rusiya iqtisadiyyatını böyük çətinliklərlə üzləşdirib. Rus rublu kəskin ucuzlaşıb. Xarici investorlar ölkədən çıxır. Dünya ölkələri rus mallarından imtina edir. Rusiyanın bank sistemi SWIFT sistemindən çıxarıldığından xarici banklarla əməliyyatları həyata keçirilmir. Rusiyanın xarici banklarında yerləşən kapitalları dondurulub. Müəyyən şəxslərə ölkədən çıxışa qadağalar tətbiq olunub. Rusiya təyyarələri üçün bir çox ölkələrin hava məkanları bağlanıb. Bu gün demək olar ki, Rusiya dünyadan təcrid olunmuş vəziyyətdədir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, Rusiya iqtisadiyyatının düşdüyü vəziyyətdən çıxması üçün uzun zamana ehtiyac yaranacaq: “Bununla yanaşı Rusiyaya sanksiya tətbiq etmiş ölkələrin iqtisadiyyatlarında da müəyyən çətinliklər müşahidə edilir. Çünki, Rusiya bazarı çox böyükdür. Bir çox Qərb ölkələri öz məhsullarının əhəmiyyətli hissəsini Rusiya bazarlarına ixrac edirdi. Təbii ki, ixrac əməliyyatlarının həyata keçirilməməsi istehsalçı şirkətlər üçün də müəyyən problemlər yaradacaq”.
Millət vəkilinə görə, nə qədər sanksiyalar tətbiq edilsə də, elə mallar var ki, Avropa Rusiyasız keçinə bilməz: “Avropanın təbii qazla təminatının 40% -i Rusiyanın payına düşür. Ona görə də rus qazından imtina Avropa üçün böyük problemlər yardacaq. Eynilə neft və neft məhsulları və digər strateji mallar var ki, Avropa onları almağa məcburdur. Ona görə də Rusiyaya tətbiq olunmuş sanksiyalar bu ölkə iqtisadiyyatında böyük fəsadlar yaratdığı kimi, həm də sanksiya tətbiq etmiş ölkələrin iqtisadiyyatlarına da təsirsiz ötüşməyəcək”.
Azər Badamov hesab edir ki, yeganə çıxış yolu Rusiya-Ukrayna müharibəsi tezliklə başa çatması və dünyanın yenidən bir-biri ilə anlaşılan bir mühitə qayıtmasıdır:
“Əgər bu məsələ tezliklə həll olunmazsa dünya iqtisadiyyatı çox böyük çətinlikərlə üzləşə bilər”.