22 Aprel 2022 09:32
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onlar bizdən nə istəyə bilərlər? Artıq Rusiya ilə bir sıra strateji sənədləri imzalamışıq, üstəgəl, bu çərçivədə ikitərəfli münasibətləri inkişaf etdiririk. Biz bundan artıq heç nə edə bilmərik. Bu, bizim strateji yolumuzdur. Təbii ki, gedib kiminsə qarşısında əyilməyəcəyik. Yəni kompromislərin də “qırmızı xətt”i olmalıdır. Biz bu “qırmızı xətt”i heç vaxt keçməyəcəyik”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfəri və orada Vladimir Putinlə görüşü Bakı və İrəvanın irəli aparmaq istədiyi sülh prosesinə necə təsir göstərəcək?

- Görünür, Paşinyan Brüssel görüşündən sonra başa düşdü ki, bu, Moskvada Rusiyadan uzaqlaşmaq və ya “qırmızı xətti” keçmək kimi qəbul oluna bilər. Bu səfərlə Moskvaya sübut etmək istədi ki, Rusiyanın yanındadır və onu dəstəkləyir. Hətta görüşlə bağlı müştərək bəyanatda da deyildi ki, Ermənistan qlobal miqyasda baş verən son proseslərdə Rusiyanı dəstəkləyir və bundan sonra da onun yanında olacaq.

Bu isə o deməkdir ki, “Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətləri əbədidir, baxmayaraq ki, mən Qərblə və ya Avropa Birliyi ilə danışıqlar aparıram, amma Rusiya ilə hesablaşmağa hazıram”.

- Bəs Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə əldə etdiyi anlaşmalara sadiq qalacaqmı?

- Ümumiyyətlə, siyasətdə sadiqlikdən, səmimiyyətdən danışmaq çox çətindir. Xüsusən söhbət Ermənistanın rəhbərliyindən gedirsə, bu haqda danışmaq mümkün deyil.

Paşinyan dəfələrlə fikrini dəyişib. Bu gün bir söz deyib, sabah başqa söz. Gah Rusiya ilə müttəfiqliyin gücləndirilməsindən danışıb, gah da Avropa Birliyi və NATO-ya mesajlar verib. Amma sonradan başa düşüb ki, onu hakimiyyətdə saxlayan Rusiya olacaq və Rusiyanın bu bölgədəki rolu böyükdür. Bu baxımdan, onu müəyyən qədər anlamaq olar.

Hər halda Paşinyan Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul edib. Yəni o, həm də başa düşür ki, bu çətin və mürəkkəb vəziyyətdən çıxmalıdır.

Ermənistan daxilindəki duruma gəldikdə, oradakı müxalif qüvvələr Paşinyana qarşı mübarizə qabiliyyətini itiriblər. Təbii ki, bu da Paşinyan xeyrinədir. Düşünürəm ki, Paşinyan mövcud durumu nəzərə alaraq, anlaşmalara sadiq qalmasa da, ona əməl etməlidir. Əks halda, yenə Azərbaycanın gücüylə üzləşəcək.

- Putin Ermənistan baş naziri ilə görüşündə “Qarabağın təhlükəsizliyi” məsələsini gündəmə gətirdi. Bəs onun bu mesajını necə anlayaq?

- Hər iki tərəf deyir ki, Qarabağda yaşayan ermənilər “müdafiə” olunmalı, “təhlükəsizliyi” təmin edilməlidir. Siz kimi kimdən qoruyursunuz, biz kimin hüquqlarını pozuruq? Biz orada yaşayan ermənilərə təhlükə yaradırıq? Dəfələrlə demişik ki, yaşasınlar, ora azərbaycanlılar da gələcək. Beləliklə, birgəyaşayış təmin olunacaq və onlar Azərbaycan vətəndaşlığını qəbul edərək, konstitusiyamızdakı bütün hüquqlardan yararlana bilərlər. Ona görə də, kiminsə buna başqa cür baxması nə bizi narahat etməli, nə də maraqlandırmalıdır.

Əgər “təhlükəsizlik”dən söhbət gedirsə, hər halda orada sülhməramlılar da var. Başa düşmürəm ki, oradakı ermənilərə kimdən “təhlükə” gəlir? Heç bir təhlükədən söhbət gedə bilməz. Görünür, bunların hamısı protokol xatirinə yazılmış ifadələrdir. Hər halda bunu Moskvada da yaxşı başa düşürlər.

- Putinin fikri Azərbaycan cəmiyyətində o düşüncəni gücləndirdi ki, Rusiya Ermənistan və Azərbaycan arasındakı məsələlərin həllini istəmir - bölgədə sülhə qarşıdır. Sizcə, Putinin açıqlamasının alt qatında gizlənən mesaj bu idimi?

- Putinin əvəzinə söz deyə bilmərəm, amma cəmiyyətin bir hissəsində belə fikrin formalaşması mümkündür. Çünki bizə qarşı bu dövlətdən, eyni zamanda, Ermənistandan bir çox hallarda təxribatlar törədilib. Açıq deyək ki, sülhməramlılar da orada bəzi hallarda Azərbaycana qarşı təxribatlara yol verirlər. Biz həmişə belə hallara kəskin reaksiya veririk. Amma biz Rusiyaya tam insansaq, onda prosesləri nəzərdən qaçıra bilərik.

Əsas məsələ baş verənlərə bizim yanaşmamızla əlaqədardır. Biz kifayət qədər prinsipial və çevik mövqe tuturuq. Təbii ki, Moskvada bizi sevməsələr də, hər halda bizimlə hesablaşırlar. Hesablaşmağa da məcburdurlar.

Proses sərhədlərin dəqiqləşdirilməsinə və sülh müqaviləsinin imzalanmasına doğru gedir. Bu məsələlər üçtərəfli bəyanatda da öz əksini tapıb.

- Rusiya və Putin tez-tez sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılmasını gündəmə gətirsə də, Qarabağdakı qanunsuz silahlı birləşmələrin çıxarılması məsələsindən yan keçir. Halbuki Putin bununla bağlı üzərinə öhdəlik götürüb.

- Təbii ki, bu, bizi narahat etməyə bilməz. Biz bu məsələni dəfələrlə qaldırmışıq. Çünki bunlar qeyri-qanuni hərbi dəstələrdir. Oradakı separatçı rejimin başçısı da cinayətkardır. Görünür, onların da vaxtı gəlib çatacaq. Hələlik sülhməramlıların müdafiəsi altında fəaliyyət göstərirlər, bizə qarşı təxribatlar törədirlər. Amma biz onların təxribatlarına tutarlı cavab veririk. Bundan sonra da əlimizdən gələni edəcəyik ki, bu məsələlər həll olunsun.

Sərhədlər dəqiqləşdirilsə və sülh müqaviləsi imalansa, şübhə etmirəm ki, həmin sənədlərdə Qarabağdakı qanunsuz silahlı birləşmələrin çıxarılması bəndi yer alacaq. Bu qanunsuz birləşmələr oradan ya könüllü çıxmalıdırlar, ya da məhv edilməlidirlər. Başqa çıxış yolu ola bilməz.

- Dediyimiz kimi, Rusiyanın 10 noyabr anlaşmasının 4-cü bəndi üzrə qanunsuz birləşmələrin çıxarılması ilə bağlı öhdəliyi olsa da, aşkar şəkildə bundan yayınır, ümumiyyətlə, bu haqda danışmır və danışmaq istəmir. Halbuki Putinin hörmət göstərmədiyi həmin sənədin altında öz imzası da var. Bu da o ehtimalı yaradır ki, bunun qarşılığında Moskvanın bizdən istəkləri var.

- Rusiyanın nə istədiyini demək çətindir. Amma bizim diplomatik addımlarımız kifayət qədər çevikdir. Biz Rusiyanın bölgədəki bir sıra addımlarını qəbul etməsək də, hər halda onunla müəyyən sazişlər imzalamışıq. Ortada bu ilin fevralında imzalanmış müttəfiqlik haqda bəyannamə də var. Təbii ki, bundan sonra da hücum diplomatiyasını davam etdirməliyik. Əgər atılan hansısa addım maraqlarımıza ziddirsə, buna kəskin reaksiya verməliyik.

Şübhə etmirəm ki, biz addım-addım bu məsələnin də həllinə gəlib çatacağıq. Qanunsuz hərbi dəstələrin oradan rədd ediləcəyinə heç bir şübhəm yoxdur.

Onlar bizdən nə istəyə bilərlər? Artıq Rusiya ilə bir sıra strateji sənədləri imzalamışıq, üstəgəl, bu çərçivədə ikitərəfli münasibətləri inkişaf etdiririk. Biz bundan artıq heç nə edə bilmərik. Bu, bizim strateji yolumuzdur. Təbii ki, gedib kiminsə qarşısında əyilməyəcəyik. Yəni kompromislərin də “qırmızı xətt”i olmalıdır. Biz bu “qırmızı xətt”i heç vaxt keçməyəcəyik.

- Rusiya Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi ilə əlaqədar xüsusi nümayəndə təyin etdi. Bundan sonra Paşinyan Moskvaya çağırıldı və orada Putinlə görüşdü, üçtərəfli bəyanatlarla bağlı müəyyən mesajlar verildi və sair. Sizcə, Rusiyanın bu həmləsinə qarşı Avropa Birliyi hansı addımı atacaq?

- Avropa Birliyi ardıcıl şəkildə öz siyasi addımlarını atacaq. Biz Avropa Birliyi ilə müəyyən razılaşmalar əldə etmişik. Digər yandan, sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsi ilə bağlı Brüssel və Moskva arasında ziddiyyət yoxdur. Sadəcə olaraq, burada söhbət təsir dairəsindən gedir.

Moskvada Avropa Birliyinin addımlarından qıcıq yarana bilər, amma həm də onu başa düşür ki, artıq Minsk qrupu yoxdur. Yəni artıq Avropa Birliyi rol almağa çalışır, həm Azərbaycan, həm də Ermənistan buna razılıq verib. Bundan sonra nəyə narazı ola bilərlər?

Təyinata gəldikdə, Rusiya Minsk qrupundakı həmsədrini xüsusi nümayəndə olaraq təyin edib. O, bundan sonra bölgəyə xüsusi nümayəndə kimi gələcək. Rusiyada başa düşdülər ki, artıq Minsk qrupu yoxdur və ola da bilməz. Çünki onların missiyası sona yetib, innən belə burada heç nə edə bilməyəcəklər. Digər yandan, Minsk qrupundakı iki Qərb ölkəsi – Fransa və ABŞ-la Rusiya arasında qarşıdurma gedir. Fransa və ABŞ Ukraynanı dəstəkləyirlər və Rusiyaya qarşı sanksiya tətbiq edir. Yəni bütün hallarda prosesdə Minsk qrupu formatında iştirak edə bilməzlər.

İndi xüsusi nümayəndələr gəlsinlər, proseslə maraqlansınlar. Əgər işimizdə bizə kömək edə bilərlərsə, etsinlər, etirazımız yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu