19 İyul 2022 17:13
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Avropa İttifaqı arasında yüksək münasibətlər mövcuddur. Prezident İlham Əliyevin Aİ Şurasının prezidenti Şarl Mişellə münasibətləri, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Azərbaycana səfəri, imzalanmış memorandum ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Ölkəmizin Avropa Birliyinə daxil olan dövlətlərin mütləq əksəriyyəti ilə sıx münasibətləri var. Bu münasibətlər əlaqələrin inkişafına mühüm töhfə verir. Amma buna baxmayaraq Avropada xüsusən də siyasi dairələrdə hələ də erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı ikili standartlardan çıxış edən qüvvələr mövcuddur. Bu mənada Avropa Parlamentinin Azərbaycanla bağlı çıxarmış olduğu və heç bir fakta, reallığa əsaslanmayan “qətnamələr” təəsüf doğurur.

Bunu Teleqraf.com-a milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili Prezident İlham Əliyevin haqlı olaraq Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlərə toxunub:

“Avropa Parlamentinin bəzi üzvlərinin tutduğu mövqe qəbuledilməzdir. Azərbaycan bu cür əsassız ittihamları rədd edir. Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan “qətnamələri” də heç bir fakta və reallığa əsaslanmır. Bu “qətnamələr” anti-Azərbaycan mövqeli qüvvələrin rəyi əsasında hazırlanıb. Çox təəssüf ki, Avropa dəyərlərindən uzaq düşən avropalı deputatlar vaxtaşırı olaraq erməni lobbisinin oyunlarına alət olur”.

Millət vəkili hesab edir ki, Avropa Parlamentinin “Qarabağda erməni mədəni irsinin dağıdılması” ilə bağlı qəbul etdiyi “qətnamə” tamamilə absurddur:

“Bu gün erməni işğalından azad edilən ərazilərdə görünən mənzərə odur ki, Azərbaycan xalqına məxsus olan bütün tarixi, dini, mədəni abidələr ermənilər tərəfindən tamamilə məhv edilib, barbarlığa məruz qalıb. 30 ilə yaxın bu proses davam edib. Amma çox təəssüf ki, Ermənistanın bu barbarlığına və vandalizminə qarşı dünya birliyi o cümlədən də Avropa Parlamenti laqeyd münasibət sərgiləyib. Ona görə də bu gün Avropa Parlamentində kök salmış ermənipərəst qüvvələrdən fərqli olaraq prosesləri doğru-dürüst qiymətləndirməyi bacaran deputatlar məsələlərin əsl mahiyyəti ilə bağlı daha diqqətli olmalıdır. Əks halda bu cür yanaşmalar Avropa dəyərlərinə olan inamı və etibarı heçə endirəcək”.


Müəllif: Tapdıq Qurbanlı