21 İyul 2022 12:38
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağa Böyük Qayıdışın ilk addımları atılır. Böyük fəxr və sevinclə hər birimiz Zəngilan rayonunun Ağalı kənd sakinlərinin doğma torpaqlarına qayıdışının şahidi oluruq. Bu qayıdış Vətən müharibəsində möhtəşəm Qələbəmizin davamıdır və hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bu tarixi gün münasibətilə bütün zəngilanlıları, xüsusilə də Ağalı kənd sakinlərinə təbriklərini çatdırıb:

“Qayıdışları mübarək olsun! Bildiyiniz kimi, Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlərin tarixi yurdlarına köçürülməsinə başlanılıb. Məhz birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilib. Ağalı kəndi faktiki olaraq yenidən qurulub. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilərlə bağlı Azərbaycanın planlarını görə bilər. Əhalinin firavan yaşaması üçün bütün məsələlər nəzərə alınıb. Burada təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf əsas amillərdir. Həmçinin əhalinin rifahının təmin olunması üçün bütün nüanslar nəzərə alınıb. Dövlətimiz nə mümkünsə edir, bütün güclər səfərbər olunub”.

Millət vəkili hesab edir ki, Böyük Qayıdış prosesində ən vacib məsələlərdən biri əhalinin məşğulluğunun təmin olunmasıdır: “Bu istiqamətdə dövlət bütün tədbirləri görüb. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Sevindirici haldır ki, köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub”.

Tamam Cəfərova Ağalı kəndinə birinci mərhələdə əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar köçürülüb:

“Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Bütün bunların fonunda bu sevinci zəngilanlılara və bütövlükdə Azərbaycan xalqına yaşadan başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, Güclü, Peşəkar Ordumuza minnətdarlığımızı bildirir, şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.


Müəllif: Tapdıq Qurbanlı