22 İyul 2022 19:07
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ilə yaxın Azərbaycan torpaqlarını özünün çirkin və məkrli niyyəti üçün işğalda saxlayan Ermənistana 44 günlük qələbə tarixi dərs verildi. Başqasının torpağında özünə maraqlar ucaldan təcavüzkar niyyət puç oldu, tarixi ədalət bərpa edildi. Azərbaycan özünün dünya birliyi tərəfindən qəbul edilən, tanınan ərazi bütövlüyünü təmin etdi. 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımız artıq işğaldan azad edilmiş torpaqlarımıza geri dönür.

2016-cı ilin aprel döyüşlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi ilə başlayan Böyük Qayıdış davam edir. Artıq Zəngilan rayonun Ağalı kəndinin sakinləri öz yurd-yuvalarına dönür. 30 illik vətən, torpaq həsrəti bitib. İnsanlar öz ata-baba yurdlarında daimi yaşamağa qayıdır. Azərbaycan dövləti qısa zamanda işğaldan azad edilmiş ərazilərdə ən yüksək səviyyədə infrastruktur və yaşayış məntəqələri salır. Zəngilan rayonu Ağalı kəndi də ölkəmizdə ilk dəfə olaraq “Ağıllı kənd” konsepsiyasına uyğun olaraq tikilib və yüksək innovasiyalarla təchiz edilib. Bu gün Ağalıya qayıdan kənd sakinləri dövlətimizin yaratdığı şəraitdə özlərini xoşbəxt hiss edirlər. Çünki onlar uzun 10 illiklər həsrətində qaldıqları ata-baba torpaqlarında yenidən əbədi olaraq yaşamağa başlayıblar.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-a açıqlamasında bildirib ki, 44 günlük Vətən Müharibəsi başlayana və şanlı qələbə ilə bitənə qədər hər bir azərbaycanlı, qarabağlı öz doğma ata-baba yurduna qayıtmaq inamı ilə yaşayırdı: “Lakin 30 ilə yaxın davam edən erməni işğalı bəzən bu ümidləri kəsirdi, insanları narahat edirdi ki tarixi ədalət zəfər çalacaqmı? Hər kəsi bu sual düşündürürdü. Ancaq ulu öndər Heydər Əliyev qaçqın və məcburi kökçün vətəndaşlarımızla hər görüşündə bu inam və ümidin sönməməsinə çalışır və deyirdi: “İnanın ki, biz qayıdacayıq...”. İnanırdı, inandırırdı. Ölkə başçısı 2016-ci il aprel döyüşlərindən sonra Cocuq-Mərcanlının yenidən bərpası ilə bağlı tədbirdə deyirdi ki, gün gələcək, biz Qarabağa qayıdacağıq, orada tikib-quracağıq, yeni həyat başlayacaq, bu gün o gündür, artıq Qarabağ və Şərqi Zəngəzur öz vətəndaşlarını qarşılamağa hazırdır”.

Professor qeyd edib ki, iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi və hər keçən gün neçə-neçə ailə öz doğma yurduna qovuşur: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratdı. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir”.

Komitə sədri deyib ki, biz çox böyük tarixi hadisənin şahidi, iştirakçılarıyıq: “Artıq Zəngilanın Ağalı kəndinə bu yerlərin sahiblərinin qayıdışı başlayır. Erməni işğalından azad olunan bütün yaşayış məskənlərimiz öz sakinlərini qəbul edəcək. Bir daha şəhidlərimizi rəhmətlə anır, qazilərimizə can sağlığı arzulayırıq. Onların igidliyi, mətin iradəsi, canı-qanı hesabına tarixi torpaqlarımıza qayıdırıq. Azərbaycan dövləti qısa bir vaxtda çox nəhəng işlər gördü. Cəmi 1 il 8 aya 30 ilə yaxın işğal altında qalan, az qala hər qarışı minalanmış torpaqlarda yüksək səviyyədə yaşayış şərtlərinə cavab verən "Ağıllı kənd" layihəsi icra olunub və işlər davam etməkdədir”.

Hicran Hüseynova hesab edir ki, bu, Böyük Qayıdışın ilk addımlarıdır: “İnanırıq ki, tezliklə Böyük Qayıdış baş tutacaq. Bunun üçün dövlət başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün imkanları səfərbər edir. Bu tarixi hadisə həm də tarixi qələbəmizi həzm edə bilməyənlərə sanballı cavabdır”.

Zəngilan rayon Ağalı kənd sakini Firəngiz Səlimova artıq öz ata-baba yurdlarına köçdüklərini bildirib: “Dünəndən Ağalıdayıq, artıq yır-yığış edirik. Sevincimizin həddi-hüdudu yoxdur. 29 ildən sonra öz dədə-baba yurdumuza qayıtmışıq. Həsrətini çəkdiyimiz, xəyal etdiyimiz, yuxularımızda gördüyümüz yerləri indi real olaraq gəzirik. Hazırda öz evimizdəyik. Dövlətimiz sağ olsun, qısa zamanda bizim üçün çox gözəl və yüksək səviyyəli şərait yaradıb”.

Zəngilan sakini Ağalıya 5 ailə üzvü, oğlu, gəlini və nəvələri ilə birlikdə qayıtdığını söyləyib: “Burada bizim ailəmiz üçün 4 otaqlı ev verilib. Evin hər bir şəraiti var, bütün zəruri ehtiyacımız qarşılanıb. Heç bir şeyə söz ola bilməz. Hər şey öz qaydasındadır. 29 ildən sonra ilk gecəni Ağalıda keçirdik. Demək olar ki, bu gecəni yatmadıq. Qonşularla səhərə qədər oturduq, söhbətləşdik. İnanın ki, sevincdən heç kəsin gözünə yuxu getmirdi. Samovarımızı qaynatdıq, çayımızı içdik, kəndimizdə dərin bir nəfəs aldıq”.

Firəngiz Səlimova deyib ki, Ağalıda hər cür şəraitlə yanaşı iş yerləri ilə bağlı da problem yoxdur: “Bu gün yenə bizə təlimatlar verildi ki, iş yerləri çoxdur. Hər kəsin öz sahəsinə uyğun iş təklif edilib. İnşallah hər şey yaxşıdır, belə də olacaq. Biz hələki kəndimizə təzə gəlmişik. Əşyalarımızı yerbəyer edək, ondan sonra iş məsələsi üçün müraciət də edəcəyik. Əsas odur ki, biz Ağalıdayıq. Vətən, torpaq, kəndimiz bizim üçün əziz və doğmadır. Nəvələrimlə kəndimizdə, ata-baba yurdumda özümüzü çox xoşbəxt hiss edirik. Bu gecə nəvəm də yatmayıb. O, işıqlı Ağalı küçələrində səhərə kimi velosiped sürüb. Balalarımız, körpələrimiz də sevinclidir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı