Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, Türkiyə-Ermənistan münasibətlərində hələlik konkret bir nəticəyə nail olunmayıb. Bəlli vaxtdır ki, hər iki tərəfdən təyin edilmiş nümayəndələr arasında müzakirələr aparılır. Proseslərin gedişi hansısa müsbət nəticələr üçün nə dərəcədə əlverişli görürünür?
- İndiki vəziyyətdə hələ ki bir nəticəyə nail olmaq mümkün deyil. Bu da avtoritet boşluğundan qaynaqlanan bir haldır. Türkiyədə belə bir problem yoxdur. Ermənistanda isə avtoritet boşluğundan yaranan problemlər var. Bu narahatedicidir. Çünki Ermənistan hökuməti öz istədiyini cəmiyyətə söyləyə bilmir. Əksinə olaraq Azərbaycan tərəfi isə hədəflərinin nədən ibarət olduğunu açıqlayır. Ermənistan məğlub olmuş bir dövlətdir. Onu idarə edən hökumət cəmiyyətin müqavimətini nəzərə alaraq hər şeyi ezop dilində söyləməyə çalışır. Ona görə də Türkiyə ilə Ermənistanın birmənalı münasibət qurmaq niyyəti olsa da, bunu açıq demək imkanları yoxdur. Çünki hər an Ermənistanda vəziyyət dəyişə bilir. Bunu daha çox üstüörtülü, hansısa bir jestlərlə göstərməyə çalışırlar. Amma bütün bu hallar Ermənistanın daxili vəziyyətindən qaynaqlanan məsələlərdir. Amma bu yol gedilməlidir və münasibətlər formalaşmalıdır. Əks halda Ermənistan özü tamamilə təcrid olunmuş bir vəziyyətə düşəcək. Eyni zamanda bu ölkənin davamlı təzyiq altında qalması da qaçılmazdır. Buna səbəb münasibətlərin qurulmasına maraqlı olduğunu göstərərək, bunun arxasınca isə tamamilə fərqli bir yol izləməkdir. Bununla da verilən vədlər icra edilmir. Məsələnin əsl mahiyyəti məhz bu cürdür. Ermənistanın bundan sonra hansı siyasəti izləyəcəyi daxili vəziyyətdən çox asılıdır.
- Tehran görüşündən sonra Soçidə Türkiyə və Rusiya liderləri yenidən bir araya gəldi. Sizcə, qısa bir aradan sonra belə bir görüşə nə dərəcədə ehtiyac yaranmışdı?
- Tehranda ciddi bir danışıq aparmaq imkanı yox idi. İran dövləti özünün nəzərdə tutulan hansısa bir şəkildə vədlərini yerinə yetirmədiyinə görə də burada danışıqların ciddi bir nəticəsinin olacağını gözləmək sadəlövlük olardı. Dünənə qədər İran bölgədə barışı istədiyini göstərirdi. İndi isə bildirir ki, Zəngəzurda hansısa bir dəyişikliyə icazə verməyəcəyik deyir. Bu o deməkdir ki, İran barışa, sülhün qorunmasına qarşıdır. Üstəlik də Qafanda İran kəşfiyyat xidmətini həyata keçirmək üçün bir konsulluq açır. Bu o deməkdir ki, Tehranda Türkiyə və Rusiya geniş müzakirə apara bilməyib. Qərarlaşıblar ki, məhz Soçidə bütün qərarlarla bağlı açıq şəkildə müzakirə aparılsın. Sözsüz ki, Soçi görüşündəki müzakirələr də səmərəli oldu. Ona görə də Tehranda baş verənlər bir qədər fərqli idi. Çünki İran da öz üzərinə götürdüyü öhdəliyi Suriyada yerinə yetirmədi və terrorçuların, xüsusi ilə də kürd, PKK terrorçularını Bəşər Əsədlə birlikdə dəstəklənməsinə qərar verdi. Bu baxımdan da Tehran görüşünün nəticələri gözlənildiyi kimi faydalı olmayacaqdı. Amma Soçi görüşü hər halda konkret nəticələri ilə fərqləndi.
- Zəngəzur dəhlizinin açılmasına İran nə vaxta qədər mane ola bilər. Rusiyanın bu məsələ ilə bağlı rəsmi mövqeyi var. Çünki üçtərəfli razılaşmaya Rusiya imza atıb. Belə olan halda məsələni qeyri-müəyyən vaxta qədər yubatmaq tərəflər üçün nə vəd edir?
- İran müəyən mənada ürəkbulandırıcı fikirlər səsləndirir. Amma o bu məsələyə mane olmaq iqtidarına sahib deyil. Çünki burada söhbət İran ərazisindən keçəcək bir dəhlizdən getmir. Hətta İran söz vermişdi ki, yol açıldıqdan sonra Azərbaycanla Naxçıvan arasındakı yolun bərpasına da kömək edəcək. Amma İran belə məsələlərə və beynəlxalq anlaşmalara ciddi yanaşmayan ölkə kimi bu məsələdə də konkret addım atmağa maraqlı olmadığını nümayiş etdirdi. Ona görə də bu məsələdə bir qədər daha diqqətli olmalıyıq. İranın verdiyi vədlər, mövqeyi bizi çox da maraqlandırmamalıdır. Biz öz hədəfimizə baxmalıyıq. Çünki Azərbaycanla Ermənistan arasında olan danışığın qarantiyası Rusiyadadır. Rusiya bildirib ki, bu yol çəkilməlidir. Bu yolun açılmasına dair sənədə Rusiya da imza atıb. Biz də məsələni Rusiya ilə birlikdə həll etməyə qərarlıyıq. Bu da edilir. İranın isə kənardan hansısa bir fikir söyləməsi əhəmiyyətli deyil.
- Laçın ətrafında yeni proseslər cərəyan edir. Artıq Laçın şəhərindən kənardan keçən yol istifadəyə hazırdır. Proseslərin sonrakı inkişafı ilə bağlı gözləntilər nədən ibarətdir?
- Artıq proseslərin bəlli bir hissəsi bitib. Amma prosesdə gərginlik hər zaman ola bilər. Dövlət başçısı da ermənilər üçün göstərişlərini verdi ki, hansı yolu izləsələr xoşbəxt ola bilərlər və hansı yolu izləsələr bədbəxt ola bilərlər. Artıq bu iki məntəqə arasında ermənilər özünün gələcəyini müəyyən etməlidir. Xoşbəxt olmaq istəyirlərsə Azərbaycan vətəndaşlığını qəbul edib imtiyazlardan istifadə etməlidirlər. Bunun əksini istəyirlərsə, Dəmir Yumruğun zərbəsi ilə üz-üzə qalaraq tədricən ərazimiz tərk edib getməli olacaqlar. Onların bizim ərazimizdə terrorçu və qeyri-qanuni formada yaşamasına Azərbaycan imkan verməyəcək.