24 Avqust 2022 11:40
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün çox möhtəşəm bir Avropa oyunu izlədik. Dünən "Qarabağ" komandası meydanda sona kimi döyüşdü. Bu, futboldur, udmaq da olur, uduzmaq da... Komandamız udanda çiynimizə alıb, uduzanda tapdalamamalıyıq. Əsas uduzanda komandamızın tərəfini saxlamaq lazımdır. Şahruddin səhv etsə də baş məşqçi Qurban Qurbanovun onun tərəfini necə saxladığını da hamı gördü.

Bunu Teleqraf.com-a ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” (Azərbaycan)-“Viktoriya” (Çexiya) ilə oyunun nəticələrini şərh edən millət vəkili Aqil Abbas deyib.

Deputat qeyd edib ki, üç turu keçən "Qarabağ" komandası pley-off mərhələsində uduzdu: “Bizim komandamız da, rəqib də gözəl oyun göstərdi. Komandamızın bəxti gətirməyən hallar da oldu. Ümumilikdə çox yaxşı oyun oldu. Bütün Avropa gördü ki, Azərbaycanın belə bir güclü komandası var”.

Millət vəkili Avropa liqasında mübarizəni davam etdirəcək komandanın bundan sonra da uğurlar qazanacağına əminlik ifadə edib: "Mən "Qarabağ" komandasını da, Qurban Qurbanovu da təbrik edirəm. Qapıçı Şahruddinin üstünə çox getmək olmaz. Sən də, mən də, hamımız səhv edirik. Bizim səhvimizi bir özümüz, bir də yaxınlarımız bilir. Futbol isə elə bir şeydir ki, bir səhv edəndə onu yüz milyon adam görür. Ona görə də, bu məsələlərə bir qədər diqqətli yanaşmalıyıq.

Üç turda Şahruddinin necə oynadığına hamı şahiddi. Buna görə biz Şahruddini güllələyəsi deyilik. Biz Kolumbiyada yaşamırıq ki... İndi bir səhv olub, yəqin bir daha olmaz”.

Aqil Abbas bundan sonrakı mərhələdə “Qarabağ”a uğurlar arzulayıb: “Əslində komandamız indi-indi püxtələşir. Sadəcə bir məntiqi unutmaq olmaz ki, "Viktoriya" və başqa güclü komandalarla oynayıb gəlib “Səbail”, “Şamaxı” kimi komandalarla oynamaq məsələsinə diqqət etmək lazımdır. İnşallah, hər şey yaxşı olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər