15 Sentyabr 2022 22:59
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı revanşist qüvəllər regionda sülhün olmağını istəməyən kənar dairələrin alətinə çevrilib. Məhz bu dairələrin sifarişlərini icra edən revanşistlər Ermənistan hakimiyətini sülh müqaviləsinin imzalamağa imkan verməməklə, bölgədə sabitliyin təmin olmasına əngəllər törədirlər. Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonu istiqamətində ərazinin çətin relyefindən istifadə edərək, törətdiyi genişmiqyaslı təxribatlar bunun növbəti təzahürüdür. Amma bu dəfə də erməni hərbi birləşmələrinin təxribatlarına qarşılıq olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmrlərinə əsasən düşmənə layiqli cavab verdi. Müzəffər Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını uğurla aldı və göstərdi ki, Dəmir Yumruq yerindədir. Acı da olsa bu təxribatın qarşısını alarkən canlarını qurban verən şəhidlərimiz var. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Sözsüz ki, döyüş meydanında şəhidlərimizin qisası Müzəffər Ordumuz tərəfindən qətiyyətlə alındı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi bu günlərdə də Azərbaycan xalqı dövlətin və ordunun ətrafında sıx birləşərək, misilsiz birlik və həmrəylik nümayiş etdirir: “Amma görünür xalqımızın həmrəyliyi, ölkəmizin beynəlxalq siyasi arenada qazandığı uğurlar anti-milli qüvvələri ciddi şəkildə narahat edib. Xarici və daxili qüvvələr, antiazərbaycan dairələr ölkəmizin uğurlarına qısqanclıqla yanaşır. Sözsüz ki, mühüm və taleyüklü proseslərin getdiyi bir vaxtda xalqımızın birliyi və həmrəyliyi düşmənə, onun havadarlarına ən böyük cavabdır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda olan bütün siyasi partiyalar (radikal müxalifətdən başqa) böyük siyasi mədəniyyət göstərdi. Çünki vətən, torpaq məsələsində siyasi baxışların müxtəlifliyi önəm kəsb etmir. Təəcüblüsü odur ki, Ermənistanın təxribatları fonunda son hadisələlərlə bağlı bəzi radikal müxalifət təmsilçiləri, onlara trolluq edənlər Nikol Paşinyanın, erməni lobbisinin dili ilə danışmağa başlayıb. Bu şəxslər milli-mənəvi hissləri tamamilə itirərək Azərbaycanı “təcavüzkar dövlət” adlandırmağa belə çəkinmirlər. Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Gültəkin Hacıbəyli,Tural Sadıqlı kimi şəxslər Azərbaycan üçün belə bir həssas məqamda, anaların gözü yaşlı olduğu vaxtda ölkəmizə qarşı antiazərbaycan mövqeyi nümayiş etdirməkdən utanmır. Bunun isə birməanlı olaraq bir adı var o da vətənə xəyanətdir”.

Millət vəkili bildirib ki, “guya xalqın təəssübünü çəkən, şəhidlərimizə ürəyi yanan” Əli Kərimlinin şəhidlərimizin uğrunda canlarını fəda etdikləri torpağı “heç” adlandırması heç bir əxlaqa sığmır: “Görünür Əli Kərimli ya dünyada yaşanan proseslərdən bixəbərdir ya da ki, məqsədli şəkildə iqtidara qarşı apardığı qaralama kampaniyalarının üsulları tükənib. Əgər igid oğullarını itirən ana-atalara olan kədəriniz bu qədər dərindirsə, şəhid ailələrinə baş çəkin, onların məzarlarını ziyarət edin. Qəhrəman şəhidlərimizin ailələrinə kimin diqqət və qayğı göstərdiyi, onların xatirəsinin əbədiləşdirilməsi, qisaslarının alınması üçün kimlərin əlindən gələni etdiyini görün. Müzəffər ordumuzu “təcavüzkar” adlandıran Altay Göyüşovun “özfəaliyyətini” xüsusilə qeyd etmək olar. O ləyaqət, milli-mənlik hislərini unudaraq, ölkəmizi açıq-aşkar “təcavüzkar” adlandırmaqdan belə utanmır. Milli mənliyini, şərəfini, ləyaqətini xaricdəki antiazərbaycan dairələrə, aldıqları qrantlara satanlar unutmasınlar ki, Qarabağ məsələsi kimi xalqın qeyrət, namus, şərəf simvoluna çevrilmiş bir məsələ üzərindən siyasi divident əldə etməyə çalışmaq açıq-aşkar xəyanətdir, nonsensdir, qəbul olunmazdır”.

Tamam Cəfərova vurğulayıb ki, Vətən müharibəsində olduğu kimi, Azərbaycan xalqı bu gün də Ali Baş Komandan İlham Əliyevin ətrafında Dəmir yumruq kimi birləşib: “Bu birlik qələbələrimizin mənbəyidir. Azərbaycanın ərazi bütövlüyü, inkişafı naminə xalqımız bu birliyi hər zaman qoruyub saxlayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər